Moldovanın baş naziri Vasili Tarlevin Azərbaycana rəsmi səfəri planlaşdırılır. Bu barədə Moldovanın Azərbaycandakı səfiri İon Robu Trend ə eksklüziv olaraq bildirib.
Səfir qeyd edib ki, əməkdaşlığın energetika bloku üzrə müzakirə olunmalı bir çox məsələlər var. Səfirlik iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova hökümətlərarası komissiyanın Azərbaycan hissəsinin yeni başçısının təyin olunmasından dərhal sonra baş nazirin səfərinə hazırlıq görməyi planlaşdırır.
Diplomatın sözlərinə görə, həmçinin hökümətlərarası komissiyanın növbəti toplantısının keçirilməsi də nəzərdə tutulub. Komissiyanın ilk toplantısı 19 aprel 2005-ci ildə Kişinyovda keçirilib. Həmin toplantıda tərəflər iki ölkə arasında Uzunmüddətli iqtisadi əməkdaşlıq Proqramını və onun həyata keçirilməsi üzrə Tədbirlər planını müzakirə və təsdiq ediblər.