Müxalifətdəki Müasir Müsavat Partiyasının (MMP) İdarə Heyətinin sentyabrın 13-də növbəti toplantısı keçirilib. Bu barədə Trend ə MMP mətbuat xidmətindən bildiriblər.
Toplantıda əsasən partiyanın setyabrın 23-nə planlaşdırdığı mitinq və Siyasi Şurasının növbəti iclasına hazırlıq məsələsi müzakirə edilib. İdarə Heyətində aparılan müzakirələrin nəticəsində Mitinq Komitəsinin tərkibi təsdiq edilib. Partiyanın İdarə Heyəti Qazax, Şəmkir, Samux rayonlarında keçirilən hesabat konfranslarının nəticələrini də təsdiq edib. İdarə heyəti həmçinin yerlərdə məmur özbaşınalığına və rüşvətxorluğuna qarşı rayonlarda mitinqlərin keçirilməsi məsələsini də müzakirə edib.
Qeyd edək ki, 2001-ci ildə yaradılan və Hafiz Hacıyevin sədri olduğu MMP sentyabrın 23-də saat 16.00-dan 18.00-dək metronun "20 Yanvar" stansiyası - "Qələbə" meydanı marşrutu üzrə yürüş-mitinq keçirməyi planlaşdırıb. Aksiyanın keçirilməsində məqsəd bəzi məmurların rüşvətxorluğuna və özbaşınalığına etiraz xarakteri daşıyacaq. Mitinqin keçirilməsinə icazə almaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub.