Sentyabrın 22-də ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi, Azərbaycanın təhsil naziri Misir Mərdanov və ABŞ-ın tərəfdaş təşkilatlarının nümayəndələri 2007-2008-ci dərs ilində bilik mübadiləsi proqramları üzrə ərizələrin qəbulu barədə elan edib. Proqramlar ABŞ hökuməti tərəfindən maliyyələşdirilir.
Trend in xəbər verdiyi kimi, ABŞ səfiri bildirib ki, xaricdə təhsil insanın həyatına təsir edir. O, özünün Fransada təhsil təcrübəsini xatırladıb və qeyd edib ki, Azərbaycanda fəaliyyəti ərzində təhsil sahəsində hökumətlərarası münasibətlərə xüsusi diqqət ayıracaq. Səfirin fikrincə, ABŞ və Azərbaycan arasında münasibətlərin inkişafında təhsil xüsusi yer tutur. 2007-ci ildə yeni layihələr, xüsusilə orta məktəb şagirdləri üçün FLEX, ali təhsil məktəb tələbələri üçün Tələbə Mübadiləsi, magistrantlar üçün Maski, alimlər üçün Fulbrayt, ingilis dili müəllimləri üçün TEA proqramları həyata keçiriləcək.
E.Dersi qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən bəri bu proqramlar çərçivəsində 1800-dən çox müəllim və tələbə Amerikada təhsil alıb. Hazırda ABŞ-da 150 müəllim təhsil alır. Bu il həmin sayda müəllim və tələbənin təhsil alması planlaşdırılır.
Səfir Azərbaycandakı amerikalıların da işinin əhəmiyyətini xüsusi qeyd edib. O bildirib ki, azərbaycanlılara ingilis dilini tədris etmək üçün ABŞ-dan mütəxəssislər gəlir və artıq ölkənin bölgələrində işləyir. Bu il ilk dəfə olaraq amerikalı müəllimlər Naxçıvana göndərilib. Bölgələrdə təşkil olunan ingilis dili kurslarında 100-dək azərbaycanlı iştirak edəcək.
ABŞ səfiri mətbuat nümayəndələrinə bölgələrdə kitabxanaların inkişafı proqramı haqqında da məlumat verib. Bir neçə belə kitabxana artıq açılıb və bu layihə Azərbaycan hökumətinin dəstəyi ilə gerçəkləşdirilir.