Milli Məclisin binasında təmir işləri nəzərdə tutulan vaxtda başa çatacaq. Trend xəbər verir ki, bu barədə Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli bildirib.
Deputat MM binasındakı təmir işlərininin zəruriliyini bir neçə məqamla izah edib: "Parlamentimizin binası ötən əsrin 80-ci illərində tikilib. Həmin dövrdə quraşdırılmış texniki sistem, təbii ki, indiki tələblərə tam cavab verə bilməz. Bundan başqa dünyanın əksər ölkələrində parlament binasının görkəmi az qala dövlət atributu kimi dəyərləndirilir. Bütün bu sadalanalar MM binasında təmir işəlrinin aparılmasını zərurətə çevirdi".
Komissiya sədrinin sözlərinə görə, ölkədə gedən abadlıq, yenidənqurma və təmir işəlrində dövlət başçısı İlham Əliyev şəxsiyyətinin çox böyük rolu var: "Birincisi, prezidentimiz dünyanın inkişaf etmiş ölkələrinin hamısında olub və onun siyasi kursunun əsas istiqamətlərindən biri də Azərbaycanı bu sıraya çıxarmaqdır. Hesab edirəm ki, Milli Məclisin binasında aparılan təmir işlərinə dövlət başçısı şəxsən nəzarət edir və dizayndan tutmuş rənglərə qədər bütün seçimlərdə öz tapşırıqlarını verir. Odur ki, təmir işləri başa çatandan sonra Azərbaycan parlamentinin binasının həm xarici, həm də daxili görünüşünün düyanın qabaqcıl ölkələrinin parlamentlərinin binasından fərqlənməyəcəyinin şahidi olacağıq".
Millət vəkili onu da bildirib ki, bu istiqamətdə görülən işlərdə spiker Oqtay Əsədovun da rolu danılmazdır: "Milli Məclisdə görülən işlər üçün ən azı 2 il vaxt lazım idi. Lakin Oqtay Əsədovun təşkilatçılığı və tikinti sahəsində də bacarığı qeyd edilən işlərin 4 ay müdətində başa çatmasına gətirdi".
Təmir işlərindən sonra parlamentdə qanunvericilik sahəsində də yeniliyin yaranacağını deynə komissiya sədri bunu bir neçə faktorla izah edir: "Bütün deputatlar üçün müasir tələblərə uyğun şərait yaradılıb. Bundan əvvəl iclas zalında oturacaqlar elə yaxın quraşdırılmışdı ki, yanaşı oturan deputatlar biri-birinə mane olurdu. İndi bu problem aradan qaldırılıb. Eyni zamanda parlament jurnalistləri üçün də işləmək üçün münbit şərait yaradılıb. Qəti şəkildə əminəm ki, bütün bunlar prarlamentin iş əmsalını artıracaq, ayrı-ayrı sənədlərdəki dil qüsurlarını aradan qaldıracaq, başlıcası isə yeni iş şəraiti deputatlara fəaliyyət göstərmək üçün stimul verəcək".