...

Azərbaycan prezidenti MDB ölkələri Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının Bakı iclasına təbrik məktubu göndərib

Siyasət Materials 5 Oktyabr 2006 16:10 (UTC +04:00)

Oktyabrın 5-də Azərbaycan prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən iclasına təbrik məktubu göndərib. Trend in xəbərinə görə, prezident Bakıda öz işinə başlayan ikigünlük iclasın iştirakçılarına uğurlar arzulamaqla yanaşı tədbirin səmərəli nəticəsinə ümidvar olduğunu da vurğulayıb.

"Əmin olduğumu bildirmək istəyirəm ki, MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının indiki iclası ölkələrimizin milli təhlükəsizliyinin təmin edilməsinin etibarlı və səmərəli sisteminin inkişafı, terrorizmlə və beynəlxalq mütəşəkkil cinayətkarlığın digər təzahürləri ilə mübarizə işində əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfə verəcəkdir. Təhlükəsizlik orqanları qarşısında duran məsələlərin həlli sahəsində səylərin birləşdirilməsi baxımından belə görüşlərin böyük potensialı vardır. Dünyada olan indiki mürəkkəb şəraitdə isə bu məsələlərin həlli çox aktualdır" - deyə məktubda qeyd olunur.

Prezident həmçinin təbrik məktubunda bildirib ki, Azərbaycan MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının işinə böyük əhəmiyyət verir, onların əldə etdikləri nəticələri yüksək qiymətləndirir və gələcək əməkdaşlığın perspektivlərinə əmindir.

Xəbər lenti

Xəbər lenti