...

Əli Əhmədov: "2008-ci il prezident seçkilərində İlham Əliyevə rəqib ola biləcək hər hansı bir namizəd yoxdur"

Siyasət Materials 13 Oktyabr 2006 17:00 (UTC +04:00)
Əli Əhmədov: "2008-ci il prezident seçkilərində İlham Əliyevə rəqib ola biləcək hər hansı bir namizəd yoxdur"

Müsahibimiz hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədovdur.

- Oktyabrın 6-da bəzi bələdiyyələrə keçirilən təkrar, əlavə, yeni və ilk seçkirlərin ilkin nəticələrini YAP üçün necə dəyərləndirirsiniz?

- Oktyabrın 6-da bəzi bələdiyyələrə keçirilən təkrar, əlavə, yeni və ilk seçkilər qətiyyətlə deyə bilərəm ki, YAP üçün uğurlu olub. Doğrudur, MSK səsvermənin yekun nəticələlrini hələ elan etməyib, hələlik kimlərin seçildiyi ilə bağlı qəti fikir söyləmək olmaz. Ancaq bizim müşahidəçilərin bütün məntəqələrdən verdiyi və MSK-nın ilkin məlumatları əsasında YAP-ın bu seçkilərdə kifayət qədər yüksək göstəricilər əldə etdiyini söyləmək olar. MSK-nın ilkin məlumatları və bizim təhlillərimiz əsasında hesab edirik ki, YAP-ın namizədləri təxminən 55-60 faiz səs çoxluğu əldə ediblər. Beləliklə də hesab edirəm ki, seçkilərdə qalib gələn namizədlərin 60 faizə yaxını YAP-ın təmsilçiləri olacaq. Bilirsiniz ki, YAP-ın irəli sürdüyü namizədlərlə yanaşı fərdi qaydada namizədliyini irəli sürən YAP üzvləri də olub. Düşünürəm ki, belə bir göstərici seçkilərin bütövlükdə partiyamız üçün uğurlu olduğunu söyləməyə əsas verir.

- Seçkiləri müşahidə edən AŞPA-nın Regional və Yerli Hakimiyyət Orqanları Konqresinin nümayəndələri prosesdə bir sıra qanun pozuntuları olduğunu bildiriblər...

- Ümumiyyətlə, bir neçə ardıcıl surətdə keçirilən seçkilərlə bağlı Avropa Şurasının və digər beynəlxalq təşkilatların müşahidəçilərinin mövqeləri ilə yerli nümayəndələrin mövqeləri arasında əhəmiyyətli fikir ayrılıqları olub. Hətta beynəlxalq müşahidəçilərin öz aralarında da fikir ayrılıqları olub. Bu onu göstərir ki, Azərbaycanda keçirilən seçkiləri müşahidə edən bir sıra beynəlxalq qurumların təmsilçiləri bəzi hallarda reallığı əks etdirməyən mövqelər ortaya qoyurlar. Bu seçkiləri də heç də çox sayda olmayan beynəlxalq müşahidəçi izləyib. Hesab edirəm ki, onların gəldiyi qənaət bütövlükdə Azərbaycanda böyük bir coğrafiyanı əhatə edən seçkilər haqqında ümumi rəy söyləmək üçün kifayət qədər əsaslar vermir. Mən bunu həm də ona əsasən söyləyirəm ki, seçkiləri izləyən beynəlxalq təşkilatların təmsilçiləri, onların ifadəsi ilə desək, 20 faiz məntəqələrdə yaxşı, 20 faiz məntəqədə isə seçkilərin pis keçirildiyini söyləyiblər.
Seçkilərin keçirildiyi bütün məntəqələr beynəlxalq müşahidəçilər tərəfindən müşahidə olunmayıb. Və yaxud da bu müşahidə sadəcə olaraq seçki məntəqəsini növbəli gəzmək şəklində olub. Qeyd etmək istəyirəm ki, bələdiyyə seçkilərinin gedişini YAP-ın 5000-ə qədər müşahidəçisi izləyib. Müşahidəçilərin YAP-ın seçki qərargahına təqdim etdiyi məlumatlarda prosesin tamamilə ədalətli və şəffaf keçirildiyi göstərilib.
Əlbəttə, biz seçkilər zamanı heç bir qanun pozuntusuna yol verilmədiyini də iddia etmirik. Amma birmənalı şəkildə qeyd edə bilərəm ki, keçirilən seçkilər zamanı müşahidə olunan ayrı-ayrı pozuntular bütövlükdə seçkilərin demokratikliyinin üzərinə kölgə salmağa, onun insanların iradəsini ifadə etdiyinə qarşı hər hansı bir fikir söyləmyə əsas vermir. Beynəlxalq müşahidəçilər ayrı-ayrı dairələrdə müşahidə olunan pozuntuları ümumiləşdirərək bütövlükdə bir sıra hallarda müşahidə etmədikləri məntəqələrə də şamil edərək reallığı o qədər də düzgün əks etdirməyən qənaətə gəliblər. Uzun müddət apardığımız disskusiyalar nəticəsində biz ona çalışmışıq ki, beynəlxalq təşkilatların təmsilçilərinin apardığı müşahidələrin nəticəsində hazırlanan hesabatlar reallığı əks etdirsin. Təəssüflər olsun ki, həmişə buna nail ola bilmirik.

- Əli müəllim, bəzi millət vəkilləri Dağlıq Qarabağ münaqişəsinin Milli Məclisdə müzakirəsi tələbilə çıxış edirlər. Sizin fikrinizcə, buna ehtiyac varmı?

- Bütövlükdə hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar məsələni müzakirə etməkdə və gündəmdə saxlamaqda haqlıdır. Çünki bu, hər bir Azərbaycan vətandaşının mənafeyinə toxunan, bilavasitə onun hüquqlarına aid olan problemdir. Eynilə digər bir gerçəkliyi də vurğulamaq istəyirəm ki, Milli Məclis payız sessiyasının ilk iclasını keçirərəkən Azərbaycan prezidenti deputatlar qarşısında çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar məqamlara toxunub. Prezident dövlət başçısı kimi özünün və müvafiq strukturların apardığı siyasətin həm mahiyyəti, həm də Azərbaycan hakimiyyətinin bu istiqamətdə həyata keçirdiyi addmıların prinsipləri və məqsədləri ilə bağlı kifayət qədər açıq mövqe ortaya qoyub. Mən hesab edirəm ki, parlamentdə deputatların iştirakı ilə bu məsələnin müzakirəsi keçirilməsə də, mahiyyəti deputatların diqqətinə kifayət qədər açıq şəkildə çatdırılıb. Münaqişənin nizama salınması ilə prezident və Xarici İşlər Nazirliyi məşğul olur. Təbiidir ki, Azərbaycan prezidenti münaqişənin nizama salınması ilə əlaqədər olaraq həm prezident kimi özünün, həm də hökumətin mövqeyini açıq şəkildə ifadə edib. Azərbaycan prezidenti hər kəs üçün aydın olan şəkildə ifadə edib ki, o, Azərbaycan dövlətinin və xalqının mənafeyinə uyğun olmayan heç bir nizamlama sazişinə imza atmayacaq. Bu onu göstərir ki, Azərbaycan prezidenti qanunverici orqanın deputatları qarşısında münaqişənin nizama salınması prinsiplərinin Azərbaycan üçün nədən ibarət olduğunu açıq şəkildə ifadə edib. Bu prinsiplər çərçivəsində prezident və XİN tərəfindən aparılan danışıqlar prosesinə hər hansı bir müdaxilənin və yaxud hər hansı müzakirələrin nəyəsə kömək edəcəyini düşünmürəm. Ona görə ki, aparılan müzakirələrin, danışıqların prinsipləri prezident tərəfindən açıq şəkildə bəyan edilib. Azərbaycan vətəndaşları tam arxayın ola bilər ki, Azərbaycan prezidenti bu taleyüklü məsələnin müzakirə edilməsində xalqın bütün mənafeyinə cavab verən mövqedən çıxış edib. Bu mövqeyin Milli Məclisdə ortaya qoyulmasından qısa müddət keçməsinə baxmayaraq yenidən parlamentdə müzakirə açılmasına ehtiyac duymuram. Mən bununla heç də Milli Məclidə məlum məsələnin müzakirəyə çıxarılmasının əleyhinə olduğunu bildirmək istəmirəm.

- Müxalifətin son vaxtlar YAP-ın ünvanına söylədiyi ittihamların mənbəyi haradan qaynaqlanır və buna səbəb nədir?

- Müxalifət partiyaları həmişə YAP-a qarşı müxtəlif üsullardan və vasitələrdən istifadə edərək mübarizə aparıblar. Onlar heç vaxt bu məqsədi gizlətməyiblər. Ancaq indiyə qədər apardıqları mübarizələr və bu mübarizələr zamanı tətbiq edilən üsullar onlara uğur gətirməyib. Ona görə ki, YAP kifayət qədər güclü və qüdrətlidir. Bu partiyanın gücünə və qüdrətinə qarşı müxalifətin hər hansı bir cəbhə təşkil etməsi nəticəsində YAP-ı zəiflətmək mümkün deyil. Birincisi, YAP-la əlaqədar bəzi yazıların qəzet səhifələrində yer alması həmin niyyətlərlə əlaqədardır. O ki, qaldı məsələnin mahiyyətinə, YAP-ın nizamnaməsinə görə, qurultay 4 ildən gec olmayaraq çağırılır, rayon və şəhər təşkilatlarının konfransları isə iki ildən bir keçirilir. YAP-ın sonuncu qurultayı 2005-ci ilin mart ayında keçirilib. Qurultayın keçirilməsindən bir qədər əvvəl rayon və şəhər təşkilatlarında hesabat konfransları keçirilib. Nizamnaməyə əsasən, belə hesabat konfransları indi keçirilməkdədir. Buna kimlərin hansı don geyindirməsindən asılı olmayaraq YAP özünün prinsiplərinə kifayət qədər əməl edib və bundan sonra da edəcək. Konfranslar YAP-ın bütün yerli strukturlarının fəallığı və mütəşəkkiliyini daha da artırır. Hesab edirəm ki, keçirilən konfranslar partiyanın yerli strukturlarını daha da möhkəmləndirəcək.

- Müxalifət hər seçki öncəsi boykot taktikasını seçir. Bu, bələdiyyə seçkiləri öncəsi də baş verib. 2008-ci il prezident seçkilərinin də boyokt ediləcəyi ilə bağlı fikirlər söylənilməkdədir...

- Çox təəssüflər olsun ki, Azərbaycanda bir sıra siyasi partiyalar özlərinin təyinatının nədən ibarət olduğunu çox da aydın dərk etmir. Hər bir siyasi partiyanın əsas təyinatı ölkədə demokratik proseslərdə iştirak etməkdir və demokratik proseslərin ən fundamental əsaslarından biri də mütəmadi olaraq keçirilən seçkilərdir. Əgər hər hansı bir partiya ölkədə keçirilən seçkilərdə mütəmadi olaraq iştirakdan imtina edirsə, bu, bir neçə qənaəti söyləməyə əsas verir. Qənaətlərdən biri ondan ibarətdir ki, həmin partiyalar bütövlükdə demokratiya və seçki prosesləri anlayışlarından xəbərdar deyillər. İkincisi, seçkilərdə iştirak etməkdən imtina edən partiyalar siyasi proseslərdə demokratik üsullar yox, digər üsullara istinad edirlər. Hakimiyyətə gəlməkdən ötrü demokratik seçki üsulundan deyil, özlərinə məlum olan üsullara istinad etmək istəyirlər ki, bu da tamamilə qeyri-demokratik yoldur. Üçüncüsü isə, siyasi partiyalar seçki prosesindən imtina edərək əslində özlərinin bu prosesi idarə etmək gücündə olmadıqlarını ifadə etmiş olurlar. Məsələn, bələdiyyə seçkilərində hər hansı bir partiyanın iştirak etməsi üçün həmin partiyanın ən azı böyük insani resurslara malik olması mütləq şəkildə tələb olunur.
2004-cü ildə keçirilən bələdiyyə seçkilərində 20 mindən yuxarı bələdiyyə üzvlüyü uğrunda mübarizə aparılırdı. Hər hansı bir partiya bu prosesə qoşulmaq üçün ən azından bu qədər sayda insanı namizəd olaraq irəli sürməliydi. Açıq etiraf edək ki, Azərbaycanda bu parametrlərə malik olan müxalifət partiyaları, demək olar ki, yoxdur. Ona görə də onlar 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində iştirakdan imtina edib adını boykot qoydular. Oktyabrın 6-da bələdiyyələrə keçirilən məlum seçkilərdə isə təxminən 2 minə yaxın bələdiyyə üzvlüyü uğrunda mübarizə aprılırdı. Bu prosesə də qoşulmaq üçün ən azı bu qədər namizəd ortaya qoymaq lazım gəlirdi. Görünür ki, Azərbaycanın müxalifət partiyaları yerlərdə tələb olunan sayda namizədləri irəli sürmək iqtidarına malik olmadığından seçkilərə qoşula bilmirlər və bunun da adını boykot qoyurlar.
Açıq etiraf etmək lazımdır ki, hər hansı bir siyasi prosesi boykot etməkdən ötrü bu prosesdə iştirak edən qüvvənin malik olduğu gücə adekvat güvvə sahibi olmalısan ki, həmin gücün qarşısına çıxa biləsən. YAP-ın malik olduğu güc müxalifət partiyalarda olmadığından, təbiidir ki, onların boykot haqqında çağırışları effekt vermir. Boykot o zaman sözün həqiqi mənasında seçki prosesinin qarşısının alınmasına səbəb ola bilərdi ki, müxalifət partiyalarının seçkilərin boykot edilməsi ilə bağlı bəyanatlarına insanlar adekvat reaksiya versinlər. Ancaq bu çağırışlara vətəndaşlar tamamilə biganə yanaşırlar. Aydın məsələdir ki, hər hansı bir partiyanın seçki prosesindən kənarda qalması heç də prosesin boykot edilməsi demək deyil. İnsanlar seçkilərə qatılıblar, səs verməyə gəliblər və s. Mən o fikirdən tamamilə kənaram ki, Azərbaycanda seçkiləri boykot etmək haqqında qərar qəbul edən partiyaların təmsilçiləri özlərinin siyasi prosesləri boykot etmək gücündə olmadıqlarını dərk etməsinlər. Düşünürəm ki, onlar bunu çox gözəl dərk edirlər. Çünki bundan əvvəlki boykot qərarlarının nə ilə nəticələndiyini ən azından yaxşı xatırlayırlar. Belə olan halda növbəti dəfə seçkiləri boykot etmək haqqında qərar qəbul etmək bu partiyalara nə vəd edir. Birincisi, həmin partiyalar insanlar tərəfindən dəstəklənmədiklərini sanki bu boykot qərarı ilə ört-basdır edirlər. İkincisi, bu qərarı qəbul etməklə onlar beynəlxalq təşkilatlara belə bir mesaj verirlər ki, guya Azərbaycanda demokratik və siyasi mühit elə acınacaqlı bir vəziyyətdədir ki, siyasi partiyalar seçkilərə qoşulmağa lüzum görmürlər. Bununla da bir sıra beynəlxalq təşkilatlara reallığı əks etdirməyən və Azərbaycanın demokratik imicinə zərbə vuran məlumatlar verirlər. Bu cür mövqe siyasi partiyalara başucalığı gətirmir. Elə bütün bunların nəticəsidir ki, biz Azərbaycanda müxalifət partiyalarının mövcud durumunu əldə etmişik. Öz xalqına, dövlətinə və vətəninə böhtan atmaqla məşğul olan siyasi partiyaların xalq tərəfindən dəstəklənməməsi göz qabağındadır.

- Fikrinizdən belə çıxmırmı ki, xalq tərəfindən dəstəklənməyən partiyalar bunu əsas götürüb növbəti prezident seçkilərində də iştirak etməkdən çəkinəcəklər?

- Hesab edirəm ki, burada vəziyyət fərqli olacaq. Əlbəttə, müxalifət partiyaları çox müxtəlif bəhanələr gətirirlər ki, guya 2008-ci ilin prezident seçkilərində də Azərbaycandakı siyasi mühit onların bərabər şəkildə seçkilərə qatılmasına imkan yaratmır. Bütün bunların hamısı 2008-ci ildə bu prosesə qatıla biləcək istənilən alternativ namizədin məğlub olacağına haqq qazandırmaq cəhdindən başqa bir şey deyil. Açıq şəkildə etiraf etmək lazımdır ki, Azərbaycan seçiciləri birmənalı şəkildə 2008-ci ilin prezident seçkilərinin namizədi qismində İlham Əliyevi görürlər. Hansısa alternativ haqqında nəinki insanlar, düşünürəm ki, siyasi dairələr də düşünməyə çətinlik çəkirlər. Sadəcə olaraq ona görə ki, belə bir alternativ mövcud deyil. Azərbaycanda İlham Əliyevə rəqib ola biləcək hər hansı bir namizədin olduğunu, düşünürəm ki, ciddi təhlil qabiliyyətinə malik olan heç kəs fikirləşə bilməz. Amma kimlərinsə 2008-ci ilin prezident seçkilərində iştirak etməsi alternativ olaraq mümkündür. Prezident seçkilərində hər bir partiyanın lideri özünü prezidentliyə namizəd qismində görür və bu iddianı ortaya qoyacaq. Əlbəttə, güman edirəm ki, onların əksəriyyəti belə bir addımı atmağın tamamilə mənasız olduğunu aydın şəkildə dərk edirlər. Ancaq bəziləri adının Azərbaycanın siyasi tarixinə hansısa ildə keçirilən prezident seçkilərində namizəd kimi düşməsini istəyərək namizədliyini irəli sürəcək. Bu da təqdir olunan haldır. Əgər siyasi partiya fəaliyyət göstərirsə, siyasi proseslərdə iştirak etməlidir, seçkilərə qoşulmalıdır. Siyasi proseslərdə iştirak edərək təcrübəni artırmaq olar.

- Bir çox siyasi partiyanın maliyyə mənbəyi hələ də cəmiyyət üçün açıqlanmır. Bu məsələ əlavə və dəyişikliklər ediləcək "Siyasi partiyalar haqqında" qanunda öz əksini necə tapacaq?

- Bütövlükdə Azərbaycan qanunvericiliyində partiyaların xaricdən maliyyələşməsi qadağandır. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu qadağa mexanizmi səmərəli şəkildə işləmir. Azərbaycanda bir sıra partiyalar ya xaricdən verilən maliyyə əsasında, ya da mənbəyi məlum olmayan maliyyə vəsaitləri əsasında fəaliyyət göstərirlər ki, bunun özü də Azərbaycan qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Hər bir partiyanın fəaliyyət göstərməsinin vacib şərtlərindən biri də onun maliyyə əsaslarının təmini və bunun Azərbaycan qanuvericiyilinə uyğun şəkildə əldə edilməsidir. YAP ildə iki dəfə özünün maliyyə vəsaitləri ilə əlaqədar hesabatını müzakirə edir, hətta bu məlumatlar mətbuatda dərc edilir. Azərbaycan vətəndaşları YAP-ın hansı maliyyə qaynaqları əsasında fəaliyyət göstərdiyi ilə bağlı məlumata malikdirlər.
Biz bu şəffaflığı təmin etməklə yanaşı digər parttiyalara nümunə oluruq. Təəssüflər olsun ki, neçə illərdir davam edən praktika heç bir partiya tərəfindən adekvat reaksiyaya gətirib çıxarmır. Heç bir partiya indiyə qədər özünün maliyyəsi ilə bağlı nəinki ictimaiyyətə, heç partiya üzvlərinə də hesabat vermir. Beləliklə də, çox qəribə mənzərə yaranır, partiyalar var, fəaliyyət göstərirlər, müəyyən tədbirlər keçirirlər, xaricə səfərlər olunur və s. Bunlar da, təbii ki, maliyyə tələb edir. Amma eyni zamanda onlar heç bir maliyyə qaynaqları olmadığını iddia edirlər. Bununla da bir yandan, Azərbaycan qanunvericiliyini pozur, ikinci tərəfdən isə, insanlarla qeyri-səmimi davranmış olurlar. Hesab edirəm ki, qeyri-səmimiliyin özü də müxalifət partiyalarının indi malik olduqları nüfuzun əmələ gəlməsində vacib rol oynayan cəhətlərdir.
YAP maliyyə şəffaflığını açıq göstərməklə insanlarla səmimi davranır. Bizim maliyyəmiz heç də böyük deyil. Amma bizim hansı maliyyə imkanlarımız varsa, bunu partiyanın üzvləri - bu imkanları yaradan insanlar, eyni zamanda xalqımız aydın şəkildə bilir. Hesab edirəm ki, indiki zamanda partiyaların həm qanunvericiliyə uyğun, həmi də şəffaf şəkildə fəaliyyət göstərməsinin çox vacib istiqamətlərindən biri onların maliyyə şəffaflığının təmin edilməsidir. Bundan ötrü də "Siyasi partiyalar haqqında" qanunda bir sıra əhəmiyyətli dəyişikliklər edilməsi tələb olunur. Bəlkə də bütövlükdə bu sənədin yenidən işlənməsinə əsas var.
Təəssüflər olsun ki, müxalifət partiyaları bizim irəli sürdüyümüz bu təklifin həqiqi mahiyyətinin nədən ibarət olduğunu aydın dərk etmələrinə baxmayaraq, yenə də təklifin mahiyyətini təhrif edərək cəmiyyətə bunu guya Azərbaycan iqtidarının və YAP-ın onlara qarşı hücumu kimi dəyərləndirirlər. Bizim məqsədimiz və irəli sürdüyümüz təklifin mahiyyəti ondan ibarətdir ki, bütün siyasi partiyalar Azərbaycanın qanunlarına uyğun şəkildə və şəffaf maliyyə qaynaqlarına istinad edərək fəaliyyət göstərsinlər.

- Əli müəllim, Rusiyada soydaşlarımızla bağlı baş verən məlum hadisələrlə bağlı hakim partiyanın mövqeyi necədir? Bu məsələ ilə bağlı YAP-ın əməkdaşlıq etdiyi Rusiyanın hakim partiyası ilə hər hansı bir müzakirə aparılıbmı?

- Doğrudur, bizim partiya ilə Rusiyanın hakim "Edinaya Rossiya" Partiyası arasında çox isti münasibətlər var. Mütəmadi olaraq müxtəlif beynəlxalq tədbirlərdə görüşüb fikir mübadiləsi aparırıq. Sonuncu dəfə Koreyada keçirilən Asiya ölkələri siyasi partiyalarının 4-cü beynəlxalq konfransında görüşüb belə qənaətə gəldik ki, iki partiya arasında dostluq və əməkdaşlıq sazişi imzalansın. Bu istiqamətdə iş aparılır.
O ki, qaldı Rusiyada azərbaycanlılara qarşı münasibətlə əlaqədar məsələyə, əlbəttə, hər bir azərbaycanlı kimi məni də soydaşlarımıza qarşı münasibət narahat edir. Təəssüf edirəm ki, Rusiyanın iqtisadiyyatında özünəməxsus rol oynayan azərbaycanlılara qarşı dövlətin bəzi dairələrində və ictimai rəyində xoş olmayan münasibət formalaşıb. Amma mən bunu dramatikləşdirməyin də tərəfdarı deyiləm. Fikrimi onunla əsaslandırmaq istəyirəm ki, əgər doğurdan da Rusiyada bütövlükdə həm ictimai, həm siyasi, həm də hökumət dairələrində azərbaycanlılara qarşı münasibət dözülməz olsaydı, yəqin ki, Rusiyada az olmayan sayda vətəndaşlarımız fəaliyyət göstərə bilməzdi. Bu məsələləri bəzi dairələrin heç də xoş olmayan niyyətləri zəminində faciəli bir formada təqdim etməyin də tərəfdarı deyiləm. Əgər biz Rusiyada yaşayan azərbaycanlıların arasında sorğu keçirsək, güman edirəm ki, bu qənaətə gəlmək olar. Eyni zamanda onu da bilirik ki, bəzi hallarda soydaşlarımızın bir sıra obyektiv problemləri olur. Mən hesab edirəm ki, Rusiya tərəfindən Azərbaycan vətəndaşlarına qarşı normal dostluq münasibətlərinin formalaşmasını istəməyimiz üçün çox ciddi əsaslar var. Ona görə ki, iki dövlət arasında münasibətlər istidir və durmadan inkişaf edir. Digər tərəfdən, Azərbaycanda yaşayan ruslara qarşı hər hansı bir neqativ münasibət elementləri müşahidə etmək mümkün deyil. Belə hesab edirəm ki, bu münasibətlərin yaxşılaşdırılması üçün həm hökumət, həm siyasilər, həm mədəniyyət işçiləri vasitəsilə addımlar atıb səylər göstərmək lazımdır. Eyni zamanda bununla yanaşı ona da çalışmaq lazımdır ki, bu münasibətlərin kimlərinsə istəyinə uyğun faciəli şəkildə qələmə verilməsi də geniş rezonans doğurmasın.
Mən hesab edirəm ki, bəzi hallarda Azərbaycanı istəməyən qüvvələr azərbaycanlılara qarşı Rusiyanın ictimai rəyində fikir formalaşdırmağa çalışırlar. Yəqin heç kimə sirr deyil ki, Rusiyanın ictimai rəyində erməni lobbisinin güclü mövqeləri var...
Ümumiyyətlə, azərbaycanlıların Rusiyada işləməsi bu insalar üçün nə qədər xeyirlidirsə, Rusiyanın müxtəlif iqtisadi strukturlarının səmərəli fəaliyyət göstrəməsi üçün bir o qədər gərəklidir. Bizim isə əsas məqsədimiz ondan ibarət olmalıdır ki, Rusiyada yaşayan azərbaycanlıların bu cəmiyyət üçün yad element olmaması fikrini ölkənin ictimai rəyində formalaşdıra bilək.

Xəbər lenti

Xəbər lenti