Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir su anbarının qərb hissəsində, Bozdağ dağı ərazisində sürüşmənin nəticələrinin aradan qaldırılması üzrə tədbirlər haqqında sərəncam verib.
Oktyabrın 28-30-da su anbarı ərazisində güclü leysan nəticəsində sürüşmə baş verib. Nəticədə su anbarının bir sıra qurğuları üçün ciddi təhlükə yaranıb. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədilə dövlət başçısının sərəncamı ilə hökumət komissiyası yaradılacaq. Komissiynın sədri ölkə hökumətinin baş nazir müavini, fövqəladə hallar üzrə Dövlət Komissiyasının sədri Abid Şərifov təyin olunub. Komissiyanın tərkibinə ölkənin müvafiq nazirlik və idarələrinin rəhbərləri daxildir.
Komissiyaya su anbarı qurğuları üçün yaranmış təhlükəni aralan qaldırmaq üçün lazımi tədbirlər həyata keçirmək və layihə-smeta sənədlərini hazırlamaq tapşırılır.