Noyabrın 15-23-də Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Maltanın paytaxtı Valettada səfərdə olacaq. Səfərdə məqsəd ATƏT-in Parlament Assambleyasının payız sessiyasında iştirak etməkdən ibarətdir. Trend in xəbər verdiyi kimi, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verir.
Nümayəndə heyətinin tərkibinə deputatlar Fəttah Heydərov və Fazil Mustafayev daxildir. Sessiya çərçivəsində "Mədəniyyətlər arasında immiqrasiya, inteqrasiya və dialoq: ATƏT-in rolu" mövzusunda parlament konfransı, Daimi Komitənin iclası və qurumun Aralıq dənizi regionu ilə bağlı forumu keçiriləcək.
Tədbirlərdə miqrasiya və təhlükəsizlik, miqrasiya proseslərində dövlət sərhədlərinin rolu, mədəni müxtəliflik, milli xüsusiyyətlərin inkişafı, çoxmillətli cəmiyyətlərdə problemlər, Yaxın Şərqdə vəziyyət və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.