...

Azərbaycanın gənclər və idman naziri: Bizə qızıl medalları olan genetik eybəcərlər lazım deyil

Siyasət Materials 13 Dekabr 2006 19:27 (UTC +04:00)

Trend in Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla müsahibəsi

- Cənab nazir, hazırda sizin idarəniz Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi işində hansı addımları atır?

- Gənclərdə vətənpərvərlik ruhunun tərbiyələndirilməsi məsələsi - nazirliyimizin fəaliyyətinin başlıca istiqamətlərindən biridir. İlk növbədə, biz bütün hərbi, sərhəd hissələrində görüşlər keçirir, konsertlər, yarışlar, sərgilər təşkil edirik. Biz tez-tez fərqlənmiş hərbi qulluqçuları öz tədbirlərimizə dəvət edirik, eyni zamanda gənclərin hərbi xidmətin şəraiti ilə daha yaxından tanış olması üçün hərbi hissələrdə gənclərin görüşünü təşkil edirik. Bu yaxınlarda biz qeyri-hökümət təşkilatı ilə birgə hərbi hissədə görüş keçirdik, orada şəraitin necə olduğunu, əsgərlərimizin necə qidalandıqlarını, onların necə məşq etdiklərini göstərə bildik. Bundan başqa, bütün məktəblərdə "Sərhəd", "Şahin", "Cəsur" kimi hərbi oyunlar keçiririk və 2007-ci ildən bu oyunların proqramı dəyişdiriləcək, çünki onlar zamanın tələblərinə əsasən təkmilləşdirilməlidirlər.
Mətbuat vasitəsilə də təbliğat aparılır. Biz hərbi hissələrdə bülletenlər paylayırıq. İdmanın inkişafı həmçinin vətənpərvərliyin formalarından biridir. Biz güləşin müxtəlif növləri ilə məşğul olan idmançılarımızın gələcəkdə, orduda xidmət edərkən, hərtərəfli hazırlanmasını istəyirik.

- Bu həftə parlamentdə ali təhsil almış şəxslərin hərbi xidmət müddətinin uzadılması ilə bağlı məsələnin müzakirə ediləcəyi gözlənilir. Siz necə hesab edirsiniz, Azərbaycan gənclərinin orduda xidmət arzusu nə dərəcədə böyükdür?

- Azərbaycanda orduda xidmət etmək istəyən çox az adam var. Bu işi bizim nazirliyimiz, Müdafiə Nazirliyi və Hərbi komissarlıqlar görməlidir. Mənim fikrimcə, gənc nəsil orduda xidmət etməkdən qorxmur, qorxu ondan yaranır ki, onlar hərbi hissələrdəki şərait, qidadan narahatdırlar. Bu təəssürat, öz növbəsində, müxtəlif şayiələrin təsiri altında formalaşıb.
Qısa müddət ərzində hərbi hissələrdə dəyişikliklər etmək çox çətindir. Bir gün ərzində orada əsaslı təmir işləri aparmaq, müasir avadanlıqla təchiz etmək olmaz. Lakin bu iş davam edir və bütün sahələrdə böyük dəyişikliklər var. Ona görə də təbliğat vacibdir. Biz hamını inandırmalıyıq ki, Azərbaycan ordusunun əsgəri olmaq - ilk növbədə, şərəfdir, ikincisi, xidmət insanı formalaşdırır, üçüncüsü isə - ordudakı şərait lüks otelin şəraiti ilə uyğun olmamalıdır, lakin orada normal yaşamaq mümkündür. Əlbəttə, orduda "dedovşina" kimi faktlar yolverilməzdir və əgər bu məsələlər həll olunsa, o zaman xidmətdən yayınma hallarının sayı azalacaq.

- Nazirliyiniz gənclərə və hərbi qulluqçulara güzəştli əsaslarla mənzillərin verilməsi üçün şəhərciklərin yaradılması təşəbbüsü ilə çıxış edib. Bu məsələ hansı mərhələdədir?

- Bu yaxınlarda Milli Məclis ipoteka haqqında qanun qəbul edib. Birinci mərhələdə gənc ailələr üçün ipoteka kreditlərinin verilməsi şərtləri çox yüksək idi. 20-dən çox sənədin verilməsi tələb olunurdu, illik ödəniş 12 faiz təşkil edirdi, ilkin ödəniş - ümumi məbləğin 30 faizi həcmində idi və s. Biz bu şərtləri əlverişsiz hesab etdik. Hazırda Azərbaycanda 60 min gənc ailə öz yaşam şəraitlərini yaxşılaşdırmaq və ya yeni mənzil almaq istəyir. Əlbəttə, Gənclər və İdman Nazirliyi əhalinin bu təbəqəsinə yardım etməlidir və bununla bağlı gənclər şəhərciyinin yaradılması ideyası yarandı. Biz bu mənzillərin gənc ailələrə aşağı qiymətlərlə təqdim olunmasına şərait yaratmaq üçün bunu artıq planlaşdırdıq və Nazirlər Kabinetində müzakirə etdik. Bakının icra orqanları artıq tikinti üçün torpaq sahəsi veriblər. Lakin son vaxtlar mənzil bumu sakitləşdiyindən və tikinti şirkətləri bu məsələyə çox diqqətlə yanaşdıqlarından, hər şeyi diqqətlə ölçüb biçdiklərindən, biz gözləməli olacağıq.
Qeyd etmək istəyirəm ki, Nazirlər Kabinetinin yekun iclası zamanı Azərbaycan prezidenti bildirdi ki, ipoteka haqqında qanunun qəbul olunması sevindirici haldır, lakin biz, ilk növbədə, bu kateqoriyanın sosial vəziyyətini nəzərə almalıyıq. Dövlət başçısı vurğulayıb ki, ipoteka kreditinin alınması üçün mövcud şərtlər çox yüksəkdir. Bundan sonra müxtəlif nazirliklər bir neçə dəfə öz təkliflərini irəli sürüblər, komissiyanın toplantısı keçirildi və nəticədə biz kredit faizinin iki dəfədən çox azalmasına, ilkin ödənişin də ikiqat aşağı düşməsinə, kreditin verilmə müddətinin uzadılmasına və nəhayət, bu prosesdə ən çətin mərhələ sayılan tələb olunan arayışların sayının iki dəfə azaldılmasına nail ola bildik.
Bu məsələ ilə bağlı təkliflər Azərbaycan prezidentinin İcra aparatına göndərilib və ehtimal olunur ki, prezident qısa müddətdə sərəncam imzalayacaq və həmin dəyişikliklər orada öz əksini tapacaq.

- Son vaxtlar Bakıdakı müxtəlif özəl təşkilatlar gənclərə aşağı qiymətlərlə mənzillər təklif edirlər. Siz həmin təşkilatlarla əməkdaşlıq edirsinizmi?

- Bu da ipotekanın bir növüdür. Lakin bu təşkilatların bizim nazirliklə heç bir əlaqəsi yoxdur. Orada da qiymətlər yüksək deyil və gənc ailələr bu imkandan istifadə edə bilərlər. Biz, öz növbəmizdə, bu təşəbbüsü dəstəkləyirik. Əlbəttə ki, hər şey ailənin imkanı və gəlirlərindən asılıdır.

- Gənc nəslin ölkəni tərk etməməsi üçün hansı tədbirlər görülür? Təsadüfi deyil ki, hazırda yalnız Rusiyada vaxtilə ölkədən getmiş çoxlu azərbaycanlılar yaşayır. Bu, eyni zamanda "beyin axınıdır".

- Bununla bağlı ən mühüm iş Azərbaycan prezidenti tərəfindən görülür - bu, yeni iş yerlərinin açılmasıdır. Əgər hər bir Azərbaycan vətəndaşı işlə və normal əmək haqqı ilə təmin olunsa, o, öz ölkəsini tərk etməz. Həm də azərbaycanlılar öz torpaqlarına bağlıdırlar. Hətta hazırda Rusiyada, Ukraynada və ya digər MDB ölkələrində yaşayan azərbaycanlılar tez-tez vətənə, qohumlarının yanına gəlirlər və mən əminəm ki, onların əsas arzusu- Azərbaycanın inkişaf etməsi, dövlətin möhkəmlənməsidir.

-Azad müəllim, azərbaycanlı idmançıların iştirakı ilə tez-tez baş verən dopinq- qalmaqallar ümumi təəssürata mənfi çalar vermirmi?

- Elə idman növləri var ki, təəssüf ki, onlarda dopinqdən istifadə olunur. Bu, ağır atletika, avar çəkmədir. Bu yaxınlarda İranda bütöv bir komanda dopinq nəzarətindən keçmədi. 10 komanda üzvündən 9-u nəzarətdən keçə bilmədi. Onlar cərimə ödədilər və yalnız bundan sonra komandanın yarışlara qayıtmasına icazə verildi. Çox maraqlı faktdır: Beynəlxalq ağır atletika federasiyasının prezidenti Tomaş Ayan İran komandasının yeganə, dopinqin tapılmadığı və azərbaycanlı idmançısına müraciət edib və ondan uğurlarının səbəbini soruşub. İdmançı bunu gündə 100 qram qara kürü yeməsi ilə izah edib. Analoji hal bu yaxınlarda Rusiya komandasında da qeydə alınıb. Belə faktlar var. Lakin azərbaycanlı idmançılar heç vaxt buna meylli olmayıblar. Amma dünya dəyişir, yeni preparatlar yaranır. Dopinqlər siyahısına daxil olan preparatların sayı 2000-i ötür.
Nazirlik hesab edir ki, dopinqdən istifadəyə yol vermək olmaz. Bizə qızıl medalları olan genetik eybəcərlər lazım deyil. Bizim üçün reabilitasiya mərkəzlərinin yaradılması vacibdir ki, idmançılar orada vitamin ala, normal qidalana və istirahət edə bilsinlər.

Xəbər lenti

Xəbər lenti