...

Qənirə Paşayeva: "Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti qış sessiyasında Ermənistana sanksiyaların tətbiq olunması məsələsini qaldıracaq"

Siyasət Materials 10 Yanvar 2007 16:52 (UTC +04:00)
Qənirə Paşayeva: "Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti qış sessiyasında Ermənistana sanksiyaların tətbiq olunması məsələsini qaldıracaq"

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti qurumun qış sessiyasında Ermənistana sanksiyaların tətbiq olunması məsələsini qaldıracaq. Bu barədə Trend ə açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva bildirib.

O qeyd edib ki, AŞ PA-nın qış sessiyasının gündəliyinə Ermənistanın Avropa Şurası qarşısında öz üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirməsi ilə bağlı məsələ daxil edilib.

"Ermənistan Avropa Şurasına daxil olan zaman öz üzərinə götürdüyü əsas öhdəliklərdən biri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olnuması haqqındadır. Lakin Ermənistan Avropa Şurasına daxil olduqdan sonra belə qurumun üzvü olan digər ölkənin - Azərbaycanın ərazilərini işğaldan azad etməyib." deyə, millət vəkili qeyd edib.

Q.Paşayeva bildirib ki, AŞ PA Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1416 saylı qətnamə qəbul edib. Orada birmənalı şəkildə göstərilib ki, Ermənistan Azərbaycanın ərazilərini işğal edib və həmin əraziləri işğaldan azad etməlidir: "Lakin Ermənistan nə həmin qətnaməni, nə də Avropa Şurasına daxil olarkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Çünki bu ölkənin rəhbərliyi münaqişənin sülh yolu ilə həll istiqamətində, hansı ki, Avropa Şurası və AŞ PA tövsüyyə edib, heç bir konusturuktiv addım atmayıb. Əksinə, Avropa Şurasına daxil olduqdan sonra münaqişənin danışıqlar yolu ilə həll olunmasına zərbə vuracaq kifayət qədər addımlar atıblar. İşğal etdikləri Azərbaycan ərazilərində yanğınlar törədiblər, mədəni - tarixi abidələri dağıdıblar, orada hərbi təlimlər keçiriblər və həmin təlimlərdə Ermənistanın müdafiə naziri iştirak edib və nəhayət, bir müddət əvvəl Dağlıq Qarabağın separatçı rejimi Ermənistanın dəstəyi və köməyi ilə işğal olunmuş Azərbaycan ərazilərində qondarma referedum keçiriblər. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan Avropa Şurasına daxil olarkən münaqişənin sülh yolu ilə həll olunmasına dair üzərinə götürdüyü öhdəlikləri və eləcə də, digər öhdəlikləri yerinə yetirməyib."

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri Ermənistanın öhdəlikləri ilə bağlı keçirilən müzakirələrdə fəal iştirak edəcəklər. Bu zaman Dağlıq Qarabağda keçirilən qondarma referendumu gündəmə gətirəcəklər. "Ermənistanın Avropa Şurasının prinsiplərinə zidd olan fəaliyyətini genişləndirdiyini sessiya iştirakçılarının nəzərinə çatdıracağıq. AŞ PA-nın rəhbərliyi və bütün qurumları bu qondarma referendumu pisləyiblər" deyə, Q.Paşayeva vurğulayıb.

Onun fikrincə, Avropa Şurası tərəfindən Ermənistana qarşı sanksiyaların tətbiq olunması labuddur. Çünki Ermənistan işğalçılıq siyasəti yürütməklə Avropa Şurasının prinsiplərini pozur: "Bu ölkəyə qarşı sanksiyaların tətbiq olunması vaxtı keçir. Ona görə ki, belə siyasət yürüdən Ermənistana qarşı qarşı sanksiyaların tətbiq olunmaması bu ölkənin atdığı addımları sürətləndirir."

Q.Paşayeva xatırladıb ki, AŞ PA-nın təcrübəsində quruma üzv olan ölkəyə sanksiya tətbiq etmək təcrübəsi var: "Yunanıstanda hərbi çevriliş olan zaman və Çeçenistan müharibəsinə görə Rusiyaya sanksiya tətbiq olunub" deyə millət vəkili bildirib.

Xatırladaq ki, AŞ PA-nın qış sessiyası yanvarın 22-26-da Strasbunqda keçiriləcək. Azərbaycanın nümayəndə heyəti yanvarın 20-də Strasbunqa yola düşəcək.

Xəbər lenti

Xəbər lenti