...

YAP-ın təşkil etdiyi dəyirmi masada bildirilib ki, Tarif Şurasının son qərarı Azərbaycanın iqtisadi inkişafını sürətləndirəcək

Siyasət Materials 18 Yanvar 2007 15:29 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə yanvarın 18-də "Park İnn" otelində "İqtisadi inkişafın yeni mərhələsi: enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərinin artırılması" mövzusunda dəyirmi massa keçirilib.

Trend in məlumatına görə, millət vəkilləri, siyasi partiyaların təmsilçiləri, "Azərenerjinin" və Tarif Şurasının nümayəndəsinin iştirak etdiyi dəyirmi masada enerji daşıyıcılarının, kommunal xidmətlərin və sərnişin daşımalarının qiymətlərinin artırılması ilə bağlı Tarif Şurasının qəbul etdiyi son qərarın iqtisadiyyata və sosial sahəyə təsiri müzakirə olunub.

YAP sədrinin müavini, partiyanın icra katibi, deputat Əli Əhmədov bildirib ki, Azərbaycanda 2005-ci ildə 26 faiz, 2006-cı ildə isə 34 faiz inkişaf qeydə alınıb ki, bu da dünyada yüksək göstərici hesab olunur. "İqtisadi inkişaf digər sahələrdə islahatların aparılmasını qaçılmaz edir", - deyə Əli Əhmədov vurğulayıb.

Onun fikrincə Tarif Şurasının son qərarı bütövlükdə cəmiyyət tərəfində anlaşılan səviyyədə qəbul olunub: "Amma bəzi qüvvələr bundan istifadə etmək istəyirlər. Bir məsələ var ki, dünyanın istənilən ölkəsində qiymətlərin artırılması qeyri-populyar addım hesab olunur. Tarif Şurasının qərarının mahiyyətini əhaliyə izah etmək lazımdır ki, vətəndaşlarımız bunun mahiyyətini başa düşsünlər. Bu qərar heç bir sosial problem yaratmayacaq. Qərarın mahiyyətinin əhaliyə izah olunması bundan sui-istifadə etmək istəyənlərin cəhdlərinin qarşısının alınması baxımından vacibdir."

Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyası sədrinin müavini, deputat Azər Əmiraslanov bildirib ki, artıq bu məsələ ictimailəşib və geniş müzakirələrə səbəb olub. Onun fikrincə, Tarif Şurasının son qərarının sosial partlayışa səbəb olacağını deyənlər yalnışlığı yol verirlər.

"Bəziləri iddai edirlər ki, Azərbaycanda inflyasiya 50-60 faizə çatacaq. Lakin bu düzgün yanaşma deyil. Düzdür inflyasiya indikindən bir qədər yüksələ və hətta iki rəqəmli ola bilər. Amma hökumət bu prosesləri tənzimləmək üçün proqram hazırlayır. Ortaya çıxacaq fəsadların qarşısının alınması üçün hökumət lazım olan addımları atacaq. Bəzi şəxslərin iddia etdiyi kimi burada hər hansı şok terapiyasından söhbət gedə bilməz", - deyə Azər Əmiraslanov qeyd edib.

Tarif Şurasının son qərarına beynəlxalq təşkilatların münasibətinə gəlincə, deputat vurğulayıb ki, artıq Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri bu addımı təqdir edib və müsbət qiymətləndirib: "Çox guman ki, yaxın günlərdə Beynəlxalq Valyuta Fondu yaranmış yeni şəraitlə əlaqədar təkliflər hazərlayıb hökumətə təqdim edəcək."

O deyib ki, qiymətlərin artırılmasını əsaslandırılmış hesab etmək olar. A.Əmiraslanov hesab edir ki, Tarif Şurasının son qərarının yaratdığı şərait daha effektli sosial siyasət həyata keçirməyə imkan verəcək. Bundan başqa son qərar enerji təhlükəsizliyini təmin etmək baxımından vacibdir: "O ki qaldı, Tarif Şurasının qərarının kənd təsərüfatına təsirinə, bu məsələni də dramatikləşdirməyə ehtiyac yoxdur. Çünki hökumət kənd təsərüfatı sahəsinin əlavə xərclərini kompensasiya etmək üçün proqram hazırlayır. Bəzən deyirlər ki, ümumi daxili məhsulda kənd təsərüfatının payı azalıb. Bu ümumi daxili məhsulun artması ilə bağlıdır. Son qərar gizli iqtisadiyyatında qarşısını alacaq."

Tarif Şurasının katibi Elşən Həsənov təmsil etdiyi qurum qiymətləri tənzimləyən sturukturdur. Qiymətlərin artırılması iqtisadi inkişafın tələblərindən irəli gəlir və dövlət büdcəsində aparılan islahatların davamıdır.

"Azərenerji"nin nümayəndəsi Hikmət Həsənov deyib ki, Tarif Şurasının qərarı enerji sektorunun inkişafına təsir göstərəcək.

Milli Məclisin Aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov bu qərarın kənd təsərrüfatı sahəsində faciəyə səbəb olmayacağını deyib: "Çünki dövlət büdcəsində qiymətlərin tənzimlənməsi üçün 233 milyon manat vəsait nəzərdə tutulub."

Parlamentin Sosial siyasət məsələləri daimi komissiyasının sədri Hadı Rəcəbli isə vurğulayıb ki, Tarif Şurasının qərarı xalqın rifahının yaxşılaşdırılmasına xidmət edir.

İqtisasçı alim Sətdar Səfərov isə deyib ki, Tarif Şurası bu qərarı 2007-ci ilin dövlət büdcəsi qüvvəyə minməmişdən əvvəl qəbul etməliydi: "Bu gecikmiş bir qərardır."

Xəbər lenti

Xəbər lenti