...

Almaniya Azərbaycan prezidentinin gözlənilən səfərinə böyük əhəmiyyət verir

Siyasət Materials 23 Yanvar 2007 15:47 (UTC +04:00)
Almaniya Azərbaycan prezidentinin gözlənilən səfərinə böyük əhəmiyyət verir

Almaniya fevralın ortalarında Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfərinə böyük əhəmiyyət verir. Bu barədə eksklüziv olaraq Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi Nəsimi Ağayev Trend ə bildirib.

Azərbaycan səfirliyi səfər proqramının və nəzərdə tutulan danaşıqların hazırlığına artıq başlayıb. Almaniyanın federal kansleri Angela Merkellə görüş planlaşdırılır. Diplomatın sözlərinə görə, bu görüşə böyük əhəmiyyət verilir. Diplomat bildirib: "Almaniya hazırda Avropa İttifaqında sədrlik edir və öz sədrliyi çərçivəsində bütün aktual məsələləri əhatə etmək niyyətindədir. Fəaliyyətinin əsas istiqamətlərindən biri kimi Almaniya Yaxın Qonşuluq Siyasətinin həyata keçirilməsinin fəallaşdırılmasını əsas sayır və bu planda Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir".

N.Ağayev qeyd edib ki, bu gün iki ölkə arasında münasibətlər yüksək templə inkişaf edir, fəal siyasi dialoq mövcuddur və gözlənilən səfərdən tərəflər daha böyük nailiyyətlər gözləyir.

Diplomat bildirib ki, yüksək səviyyədə keçiriləcək danışıqlar zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığa daha böyük diqqət ayrılacaq. Səfər zamanı Azərbaycan prezidentini Azərbaycanın biznes dairələrinin nümayəndələrindən ibarət böyük bir tərkib müşayiət edəcək. Səfər çərçivəsində Berlində hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forum keçirilməsi planlaşdırılır. Diplomat əlavə edib ki, forumda prezident İ.Əliyevin iştirakı və çıxışı da gözlənilir. N.Ağayev deyib: "Almaniyada Azərbaycan iqtisadiyyatına maraq artır və bu, Azərbaycanın regionun liderinə çevrilməsi ilə əlaqədardır. Almaniya alternativ enerji ehtiyatları axtarır, Azərbaycanın zəngin enerji ehtiyatları isə Almanya üçün böyük maraq kəsb edir".

N.Ağayevin sözlərinə görə, dövlət başçısının səfəri çərçivəsində ikitərəfli sənəd imzalanması nəzərdə tutulmur, belə ki, son illər imzalanan bir sıra ikitərəfli razılaşmalarla hər iki dövlət arasında müqavilə-hüquq bazası kifayət qədər zənginləşib.

Dövlət başçısının səfəri proqramı hazırda hazırlanır, proramın zəngin olacağı gözlənilir, Almaniya rəhbərliyi və hökumətinin bir sıra rəsmi şəxsləri ilə görüşlər planlaşdırılır. Diplomat əlavə edib ki, ola bilsin ki, proqrama Almaniyanın federal torpaqlarına səfərlər də daxil edilsin.

Xəbər lenti

Xəbər lenti