...

Gültəkin Hacıyeva: "Azərbaycan nümayəndə heyətinə söz verilməməsi AŞPA katibliyində ermənilərə xüsusi münasibətin olmasından xəbər verir"

Siyasət Materials 29 Yanvar 2007 14:54 (UTC +04:00)

"Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Ermənistanın öhdəlikləri müzakirə olunan zaman Azərbaycanı təmsil edən deputatlara söz verilməməsi katiblikdə erməni təssübünün və ermənilərə xüsusi münasibətin olmasından xəbər verən bir haldır."

Trend in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıyeva bildirib.

Bu məsələyə etiraz etdiklərini vurğulayan millət vəkilinin fikrincə, burada xüsusi ittihama səbəb olacaq məqam yoxdur.

"Həmin gün AŞPA çox gərgin işləmişdi və Ermənistanın öhdəliklərinin müzakirəsi vaxtından xeyli gec başladı. Ona görə də müzakirələrə az vaxt ayrılmışdı. Eyni zamanda, çıxışa Ermənistanı dəstəkləyən xeyli ölkənin nümayəndələri yazılmışdı. Müzakirələr başa çatan kimi Yunanıstan və Serbiya təmsilçiləri çıxış etmək imkanından məhrum olduqları üçün Monitorinq Komitəsinin rəhbərliyinə rəsmi etiraz bildirdilər. Onlar Ermənistana dəstək çıxışları edəcəkdilər", - deyə G.Hacıyeva vurğulayıb.

O əlavə edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığını və müzakirələr zamanı çıxış edən 3 erməni deputatının Azərbaycana qarşı əsassız ittihamlar irəli sürdüyünü nəzərə alaraq AŞPA rəhbərliyi ölkəmizin nümayəndə heyətinin rəhbərinə söz verməli idi: "AŞPA rəhbərliyi Səməd Seyidovun yerinə Tiqran Torosyana söz verilməsini qurumda olan mövcud qaydalarla izah etdi. Onlar bildirdilər ki, öhdəlikləri müzakirə olunan ölkənin nümayəndə heyətinin rəhbərinə mütləq söz verilməlidir. Ona görə də Ermənistan nümayəndə heyətinin rəhbəri Tiqran Torosyana əlahiddə qaydada söz verilib. Baxmayaraq ki, çıxış növbəsində 3 Azərbaycan və 1 Türkiyə millət vəkili var idi."

Millət vəkili deyib ki, bu məsələdən istifadə edib Azərbaycan- Avropa Şurası münasibətlərinə kölgə salmaq düzgün deyil. Çünkü AŞPA katibliyi "ənənələrə" əsaslanaraq vəziyyətdən çıxmağa çalışıb.

"Ən əsas məsələ odur ki, AŞPA katibliyinin rəhbərliyi gələcəkdə belə halların Azərbaycan nümayəndə heyəti tərəfindən daha az tolerantlıqla qarşılanacağı haqqında xəbərdar olunub", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti