...

YAP Nərimanov rayon təşkilatının konfransı keçirilib

Siyasət Materials 31 Yanvar 2007 17:01 (UTC +04:00)

Yanvarın 31-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının III konfransı keçirilib.

YAP mətbuat xidmətindən Trend ə verilən məlumata görə, konfransda YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov, YAP İdarə Heyətinin üzvü Misir Mərdanov, Siyasi Şurasının üzvü Abdin Fərzəliyev, millət vəkillərindən Ağacan Əbiyev, Adil Əliyev və Əhməd Iəliyev iştirak ediblər.

Tədbir iştirakçıları öncə eks-prezident Heydər Əliyevin Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

Mandat komissiyasının verdiyi məlumata görə konfransa 400 nümayəndə seçilmiş və onların 392 nəfəri toplantıya qatılıblar.

Hesabat məruzəsi ilə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev vurğulayıb ki, təşkilatın qarşısında duran əsas vəzifə 2008-ci il prezident seçkilərinə hazırlaşmaqdır. "Seçki kampaniyası zamanı qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq" - deyən T.Tağıyev əlavə edib. O bildirib ki, YAP Nərimanov rayon təşkilatının II konfransı zamanı üzvlərin sayı 11325 nəfər idisə, hazırda bu göstərici 12571 nəfərdir. 116 ilk ərazi partiya təşkilatı fəaliyyət göstərir ki, onların da 9-u hesabat dövründə yaradılıb. Rayon təşkilatının 42 faizi gənclər, 45 faizi isə qadınlardan ibarətdir.

YAP Siyasi Şurasının üzvü, Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov konfransda geniş nitq söyləyiblər.

Təmraz Tağıyev yenidən rayon təşkilatının sədri seçilib. Həmçinin YAP Nərimanov rayon təşkilatının 61 nəfərlik şurası, 19 nəfərdən ibarət idarə heyəti və nəzarət-təftiş qrupunun üzvləri seçilib.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul olunub.

Xatırladaq ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 il iqtidarda olan partiyanın ilk sədri eks-prezident Heydər Əliyev olub. YAP-ın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti