...

Nümayəndə heyətinin üzvü: "AŞPA-nın yaz sessiyasında Azərbaycanla bağlı müzakirələr normal keçəcək"

Siyasət Materials 13 Aprel 2007 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Azərbaycanın öhdəliklərinin icrası ilə bağlı müzakirələr normal keçəcək. Bu barədə cümə günü Bakıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva bildirib.

Q.Paşayeva qeyd edib ki, Azərbaycan AŞPA-nın monitorinqi altında olan bir ölkədir. "Monitorinq altında olan ölkələrlə bağlı məruzədə müəyyən tənqidi məqamlar da olur. Azərbaycanın öhdəlikləri ilə bağlı məruzədə ölkəmizdə gedən inkişaf və öhdəliklərin yerinə yetirildiyi qeyd olunub. Bunlara əsasən qeyd etmək olar ki, Azərbaycanla bağlı müzakirələr normal keçəcək", -deyə nümayəndə heyətinin üzvü vurğulayıb.

Millət vəkili bildirib ki, Azərbaycana qarşı hansısa sanksiyalar tətbiq oluna bilməz və bu haqda səsləndirilən fikirlər reallığı əks etdirmir.

Onun fikrincə, Azərbaycan və Avropa Şurası qarşılıqlı əməkdaşlıq şəraitində indi həyata keçirilən işləri davam etdirmək istəyir: "Çünki bu əməkdaşlıq nəticəsində bir sıra məsələlər öz həllini tapıb."

AŞPA-nın yaz sessiyası aprelin 16-dan 20-dək Strasburqda keçiriləcək. Sessiyada Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icra vəziyyəti müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti