...

Gültəkin Hacıyeva: "Leo Platvoetin məruzəsində 4600 azərbaycanlının əsir və itkin düşdüyü, girov götürüldüyü göstərilib"

Siyasət Materials 25 Aprel 2007 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Cənubi Qafqazda əsir və itkin düşmüş, girov götürülmüş insanlarla bağlı məruzəsində 4600 azərbaycanlının əsir və itkin düşdüyü, girov götürüldüyü göstərilib. Bu barədə çərşənbə günü Bakıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini, millət vəkili Gültəkin Hacıyeva məlumat verib.

Onun sözlərinə görə, niderlandlı deputat Leo Platvoetin hazırladığı məruzədə Cənubi Qafqazda əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin gələcək taleyi ilə bağlı yaranmış problemin təhlili verilib: "Məruzədə qeyd olunub ki, problemin həlli üçün beynəlxalq təşkilatların və tərəflərin prosesdə yaxından iştirakı vacibdir".

Millət vəkili hesab edir ki, sənəddə azərbaycanlılarla bağlı göstərilən rəqəmlər reallığı əks etdirir. Çünki 4600 azərbaycanlının əsir və itkin düşdüyü, girov götürüldüyü faktlarla sübut olunub: "Sənədlər Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qırmızı Xac Komitəsi ilə dəqiqləşdirilib".

Hacıyeva bildirib ki, məruzənin nə vaxt müzakirəyə çıxarılması AŞPA Bürosunun qərarından asılıdır. Əgər büro müvafiq qərar qəbul etsə, məruzə AŞPA-nın yay sessiyasında müzakirəyə çıxarıla bilər.

Xəbər lenti

Xəbər lenti