...

Dövlət Komitəsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərərgahla bağlı müraciətinə cavab verib

Siyasət Materials 14 May 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) bazar ertəsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərərgahla bağlı müraciətinə cavab verib. Bu barədə bazar ertəsi Bakıda AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib.

Kərimovun sözlərinə görə, AXCP-yə göndərilən cavab məktubunda qeyd olunub ki, partiyanın qərərgahla bağlı müraciətinə Dövlət Komitəsində baxılıb.

"Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi qərərgah kimi AXCP-yə yenə də Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi, Məktəbli küçəsi 4 A ünvanında yerləşən üç mərtəbəli binanın ikinci mərtəbəsindəki 460 kvadratmetrlik qeyri-yaşayış sahəsini təklif edib. Məktubda bildirilir ki, Dövlət Komitəsi mövcud qanunvericiliyə uyğun olaraq həmin ərazinin icarə qaydasında AXCP-nin istifadəsinə verilməsinə etiraz etmir" - deyə AXCP funksioneri bildirib.

O qeyd edib ki, əvvəllər də AXCP-yə həmin ünvan təklif olunub. Lakin partiya ora köçmək niyyətində deyil və bu haqda Dövlət Komitəsinə də məlumat verilib.

Kərimov bildirib ki, AXCP Dövlət Komitəsinin cavabını müzakirə edəcək və müvafiq qərar qəbul olunacaq.

Qeyd edək ki, sağ mərkəzçi müxalifət partiyası olan AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Partiya 1989-cu ildə yaradılan və 1992-1993-cü illərdə hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsi hərəkatının bazasında formalaşdırılıb və onun hüquqi varisi çıxış edir. 2006-cı ilin noyabrında AXCP 1993-cü ildən məskunlaşdığı Xəqani küçəsi 33 ünvanından çıxırlıb. Partiya müvəqqəti olaraq Azərbaycan Demokrat Partiyasının qərərgahında yerləşib.

Xəbər lenti

Xəbər lenti