Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Mayın 31-də Milli Məclisin yaz sessiyası başa çatır. Bu barədə Milli Məclisdən məlumat verilib.
Parlamentin yaz sessiyasının sonuncu iclasında "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" və "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun layihələri üçüncü oxunuşda müzakirə olunacaq.
Bundan başqa, iclasda bir sıra qanun layihələrinə əlavə və dəyişikliklərin ediləcəyi, Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin müzakirə olunacağı gözlənilir.
Azərbaycan hökuməti ilə Cənubi Koreya Respublikasının "Şinhan" bankı arasında Yevlax-Gəncə magistral avtomobil yolunun yenidən qurulması üzrə kredit sazişinin təsdiq edilməsi və "Dövlət torpaqları haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi də iclasın gündəliyinə daxil edilib.
Qanuna görə, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-də başa çatır. Parlamentin payız sessiyası oktyabrın 1-də başlayacaq.