...

NATO Parlament Assambleyasının sədr müavini: "Türkiyə PKK-nın tamamilə məhv edilməsi üçün hər an İraqda hərbi əməliyyatlara başlaya bilər"

Siyasət Materials 8 İyun 2007 11:35 (UTC +04:00)
NATO Parlament Assambleyasının sədr müavini: "Türkiyə PKK-nın tamamilə məhv edilməsi üçün hər an İraqda hərbi əməliyyatlara başlaya bilər"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyə PKK terror təşkilatının dayaqlarını məhv etmək üçün hər an İraq daxilində hərbi əməliyyatlara başlamağa qərar verə bilər. Bu barədə NATO Parlament Assambleyası sədrinin müavini, Türkiyənin NATO-dakı nümayəndə heyətinin rəhbəri Vahid Ərdəm Trend ə eksklüziv müsahibəsində məlumat verib.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təhlükəsizlik komissiyasının sədri, millət vəkili Vahid Ərdəm bildirib ki, hazırda Türkiyə İraqla sərhəddə özünün təhlükəsizlik tədbirlərini görür. Onun sözlərinə görə, hələ ki, ciddi şəkildə İraqın sərhədlərini keçərək əməliyyatlara başlanılmayıb. Amma Türkiyə İraqla sərhəddə vəziyyəti nəzarətdə saxlayır və türk ordusu hərbi əməliyyatlara hazır vəziyyətdədir: "İraqla sərhəddə görülən tədbirlər həm özünümüdafiə məqsədilə, həm də lazım gələrsə, hərbi əməliyyatlar aparmaq üçün həyata keçirilən işlərdir. Zamanı yetişəndə Türkiyə parlamenti hərbi əməliyyatlara başlanması qərarını verəcək. 22 iyulda parlament seçkiləridir və yeni formalaşdırılacaq Məclis də bu qərarı verə bilər, indiki parlament də. Çünki qanunlara görə, yeni Məclis seçilənə qədər köhnə tərkib səlahiyyətli sayılır. Ona görə də hazırda Böyük Millət Məclisinin tətildə olmasına baxmayaraq, hərbi əməliyyatlara dair qərar verilməsi üçün parlamentin fövqəladə iclası çağırıla bilər"-deyə Ərdəm bildirib.

Millət vəkilinin sözlərinə görə, hazırda Türkiyənin üç bölgəsi - Siirt, Hakkari və Şırnak fövqəladə bölgə elan edilib və PKK terror təşkilatının kökünün kəsilməsi üçün ciddi şəkildə əməliyyatlar aparılır: "Türkiyənin mübarizəsi kürdlərlə deyil, bölücülərlə - yəni, separatçılar və terrorçularladır. Türkiyənin irqçiliyin, terrorçuluğun əleyhinə olan çoxlu sayda kürd vətəndaşları var və onlar bütün insanlarla bərabər şəkildə yaşamaq istəyirlər".

Ərdəm onu da qeyd edib ki, Türkiyə NATO üzvü kimi terrorizmlə mübarizədə bu qurumun dəstəyini alır. NATO-nun hərbi müdafiə ittifaqı olduğunu xatırladan Ərdəm əlavə edib ki, ABŞ-da baş vermiş 11 sentyabr hadisəsindən sonra NATO terrorla mübarizəyə qərar verib: "Çünki ABŞ-a qarşı edilən bu terror bütün NATO ölkələrinə yönələn təhlükə kimi qəbul edildi. Hazırda isə Türkiyəyə qarşı terror təhlükəsi var. Bizim hərbi-əsgəri dəstəyə ehtiyacımız yoxdur, amma NATO ən azından PKK-nın strukturunun, maliyyə qaynaqlarının məhv edilməsini dəstəkləməlidir" - deyə Türkiyənin NATO-dakı nümayəndə heyətinin rəhbəri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti