...

Qazaxıstan XİN rəhbəri: Xəzərin dibi ilə istənilən boru kəmərinin çəkilməsi tranzit ölkələrin rəyi nəzərə alınmaqla həyata keçirilməlidir

Siyasət Materials 20 İyun 2007 18:13 (UTC +04:00)

Qazaxıstanın xarici işlər naziri Marat Tajin hesab edir ki, Xəzərin dibi ilə boru kəməri çəkilməsi üçün istiqamət müəyyənləşdirilərkən hansı ölkələrin dəniz hissəsindən keçəcəksə həmin ölkələrin rəyini nəzərə almaq lazımdır.

"Bizim zənnimizcə, dəniz boru kəmərlərinin istiqaməti müəyyənləşdirilərkən dənizdəki ərazisindən istifadə olunacaq dövlətlərin rəyi öyrənilməlidir",-deyə M.Tajin çərşənbə günü Tehranda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə bəyan edib. Trend Interfax-a istinadən xəbər verir ki, onun çıxışının mətni Qazaxıstan XİN-in mətbuat xidməti tərəfindən yayılıb.

M.Tajinin sözlərinə görə, "Qazaxıstan bütün Xəzəryanı dövlətlərin bu cür layihələri ilə bağlı ekoloji ekspertizanın aparılması üçün Rusiya və İran tərəfinin təkliflərinə detallı şəkildə baxmağa hazırdıh". Xəzərin dibinin bölünməsi ilə bağlı isə nazir qeyd edib ki, Xəzərin Şimal hissəsinin Rusiya, Azərbaycan və Qazaxıstan arasında bölünməsi ilə bağlı ikitərəfli müqavilələr imzalanıb və bu prinsiplər "bu isiqamətdə danışıqların sonrakı inkişafı üçün yaxşı əsas ola bilər".

"Ümid edirik ki, digər Xəzəryanı dövlətlər də bizim nümunəmizə əməl edəcəklər və Xəzərin dibinin bölünməsi ilə bağlı məsələ son həllini tapacaq",-deyə M.Tajin bildirib. Bununla yanaşı, Qazaxıstan XİN rəhbəri hesab edir ki, bütün Xəzərsahili dövlətlərin bütün nəqliyyat vasitələri ilə tranzit həyata keçirmək və digər dənizlərə daxil olmaq hüququ təmin olunmalıdır. "Fikrimizcə, Xəzərin hüquqi statusu ilə bağlı gələcək konvensiyada həmçinin Xəzərsahili dövlətlərin bütün nəqliyyat vasitələri ilə tranzit həyata keçirmək, digər dənizlər və dünya okeanına çıxmaq üçün qitədaxili hüquqlar əks olunmalıdır"-deyə o bildirib.

O həmçinin xatırladıb ki, 2004-cü ildə Moskvada keçirilən görüşdə Qazaxıstan tərəfi Xəzər dənizində stabil hərbi balansın, sayın bərqarar olunması üçün silahlanma üzərində beştərəfili nəzarət mexanizminin yaradılması təklifi ilə çıxış etmişdi. "Zənnimizcə, bu tədbirlər regionda təhlükəsizliyin təmin olunması üçün daha bir təminat olmalıdır. Ümid edirik ki, bu təşəbbüs yaxın zamanlarda lazımi formasını alacaq",-deyə M.Tajin qeyd edib.

Nazir bildirib ki, Xəzərsahili dövlət başçılarının görüşünə Xəzər akvatoriyasının bölünməsi, en və müvafiq zonaların müəyyənləşdirilməsi, dənizdə hərbi fəaliyyətin prinsipləri, qitədaxili dövlətlərin tranzit məsələləri, sualtı boru kəmərlərinin çəkilmə şərtləri, həmçinin Xəzər dənizindən bioloji resurslardan istifadə olunmasına kvotanın ədalətli bölünməsi məsələləri çıxarılmalıdır.

"Biz danışıqlar prosesi üzrə tərəfdaşlarımızın təkliflərini müzakirə etməyə hazırıq və Xəzər problemlərinin bütün istiqamətləri üzrə razılığa gəlmək üçün bütün səylərimizi göstərəcəyik",-deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti