Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gürücstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo-Kartli (Borçalı) bölgəsində Azərbaycan kəndlərinin adları gürcüləşdirilir. Bu barədə Gürcüstanda səfərdə olmuş müsavatçı deputatlar cümə axşamı keçirdikləri mətbuat konfransında açıqlama veriblər.
Parlamentdə Müsavat Partiyasını təmsil edən millət vəkili Nəsib Nəsibli qeyd edib ki, Gürcüstanda iki gün ərzində səkkiz görüş keçiriblər, orada yaşayan azərbaycanlıların problemləri ilə maraqlanıblar. Tbilisidə, Borçalının Təhlə, Sadaxlı, Qarayazı və digər kəndlərində azərbaycanlı əhali ilə söhbətlər aparıblar. Millət vəkilinin sözlərinə görə, əhalinin əsas şikayəti azərbaycanlılar yaşayan yerlərdə gürcüləşdirmə siyasətinin aparılması ilə bağlı olub. Deputatın sözlərinə görə, əhali bildirib ki, 2010-cu ilə qədər Gürücstanın bütün məktəblərində yalnız gürcü və abxaz dillərində təhsil aparılacaq. Həmçinin 167 Azərbaycan məktəbindən artıq 117-si bağlanıb. İlin sonuna qədər daha 50 məktəbin bağlanacağı gözlənilir.
Sakinlər Azərbaycan məktəblərinin, həmçinin kənd-qəsəbə icra strukturlarının rəhbərliyinə əsasən gürcülərin təyin olunduğunu deyiblər. Məktəblərin bağlanması nəticəsində azərbaycanlı şagirdlərin gürcü məktəblərinə axını müşahidə olunur.
Deputat İltizam Əkbərli bildirib ki, Gürücstan azərbaycanlıları həmçinin Azərbaycanda ali məktəblərə sənəd qəbulunun müddətinin uzadılmasını xahiş edirlər: "Gürücstanda yaşayan azərbaycanlı məzunlar Bakıda imtahan vermək üçün sənədlərini təqdim edə bilməyəcəklər. Çünki Azərbaycanda sənəd qəbulu iyulun beşində başa çatır, Gürücstanda şagirdlər isə orta məktəb attestatını iyulun 2-3-də alırlar".
Deputatların sözlərinə görə, azərbaycanlı əhalinin qaz, işıq problemi yoxdur, həmçinin Gürcüstanda demokratikləşmə istiqamətində addımlar atılır. Lakin azərbaycanlılara qarşı milli zəmində ayrı-seçkilik edilir.