...

AXCP sədrinin müavini: Payız aylarına qədər qərərgah problemini həll edəcəyik

Siyasət Materials 9 Avqust 2007 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) payız aylarına qədər qərərgah problemini həll edəcək. Bu barədə cümə axşamı Bakıda AXCP sədrinin müavini Fuad Mustafayev məlumat verib.

Mustafayev qeyd edib ki, "Siyasi partiyalar haqqında" qanuna uyğun olaraq dövlət AXCP-ni qərərgahla təmin etməlidirir.

"Bakı şəhərində heç bir sahibkar öz mülkünü, binasını AXCP-yə icarəyə vermək istəmir. Ona görə də partiyanın qərərgah problemi hələ də həll olunmayıb", -deyə sədr müavini əlavə edib.

Onun sözlərinə görə, AXCP-nin qəqərgah problemini həll etmək üçün bir neçə variant üzərində müzakirələr aparılır. Mustafayev qeyd edib ki, payız aylarına qədər qərərgah problemini qismən də olsa həll etməyə çalışırlar: "Partiyanın əsas strukturlarının normal fəaliyyət göstərmələri üçün qərərgah problemini qismən də həll edəcəyik. Amma partiyanın strukturları böyük olduğuna görə, AXCP-nin tam yerləşməsi üçün geniş qərərgah lazımdır. Hələlik belə bir yer tapmamışıq".

Mustafayevin sözlərinə görə, qərərgah probleminin olmasına baxmayaraq AXCP fəaliyyətini davam etdirir. Partiya strukturlarının iclası keçirilir: "AXCP-nin strukturları partiya üzvlərinin mənzillərində yerləşib. Amma o da fakdır ki, mərkəzi qərərgahın olmaması AXCP-nin geniş fəaliyyət göstərməsinə mane olur".

AXCP 1993-cü ildən "Azadlıq" qəzetinin Xaqani küçəsi 33 ünvanındakı redaksiya binasında yerləşmişdi. 2006-cı ilin noyabrında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin iddiası əsasında Səbail rayon Məhkəməsi Xaqani 33 ünvanının boşaldılması haqda qərar bəqul edib və bütün təşkilatlar həmin ünvandan çıxarılıb. AXCP hazırda partiya üzvlərinin mənzillərində fəaliyyət göstərir və partiyanın daimi qərərgahı yoxdur.

Qeyd edək ki, müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın keçmiş prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Xəbər lenti

Xəbər lenti