...

YAP icra katibinin müavini: "Hakim partiya 2008-ci ildə keçiriləcək prezident seçkilərinə ciddi hazırlaşır"

Siyasət Materials 13 Avqust 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2008-ci ildə keçiriləcək prezident seçkilərinə ciddi hazırlaşır. Bu barədə bazar ertəsi Bakıda hakim YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Azərbaycanda növbəti prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçiriləcək. Hakim partiya prezident seçkilərində YAP sədri, hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürəcəyini bəyan edib və seçkilərə hazırlığa start verib.

"YAP-ın mükəmməl seçki təcrübəsi var. Partiya müxtəlif səpkili seçkilərdə iştirak edib. YAP ən müasir seçki texnologiyalarını tətbiq edib. Təsadüfi deyildir ki, seçki prosesi ilə bağlı ən təkmil sənədlər də məhz hakim partiya tərəfindən hazırlanıb və bəzən bizim istifadə etdiyimiz metodlardan rəqiblərimiz də bəhrələnib" - deyə Qurbanlı əlavə edib.

Onun sözlərinə görə, YAP seçkiyə hazırlıqla bağlı artıq müəyyən işlər görüb. Partiyanın rayon-şəhər təşkilatlarının müşavirələri keçirilib. Hazırda seçkiyə hazırlığın ilkin mərhələsinə aid olan proses həyata keçirilir: "YAP ən müsir seçki texnologiyalarını tətbiq etməklə partiyamızın namizədi olacaq prezident İlham Əliyevin qələbəsinin təmin edilməsi üçün özünün intellektual potensialından səmərəli şəkildə istifadə edəcəkdir". YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti