...

Azərbaycan Kommunist Partiyası prezident seçkisində iqtidarın namizədini dəstəkləyə bilər

Siyasət Materials 27 Avqust 2007 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Kommunist Partiyası (AKP) gələn il keçiriləcək prezident seçkilərində iqtidarın namizədini dəstəkləyə bilər. Bu barədə bazar ertəsi Trend ə AKP-nin liderlərindən biri Rüstəm Şahsuvarov məlumat verib.

O bildirib ki, qarşıdan gələn prezident seçkiləri ilə bağlı müzakirələr partiyanın sentyabrın 22-də keçiriləcək Plenumunda aparılacaq və müvafiq qərar çıxarılacaq. Partiyanın seçkidə öz namizədi ilə iştirak etməsi, yaxud hansısa namizədi dəstəkləməsi barədə qərarı AKP-nin noyabrda keçiriləcək qurultayında veriləcək.

Şahsuvarovun sözlərinə görə, AKP prezident seçkisində başqa namizədi dəstəkləyə bilər. Pratiyanın hansısa alyansa da qoşulması mümkündür. Lakin AKP heç bir halda müxalifəti dəstəkləməyəcək: "Biz istisnasız olaraq heç bir müxalifət namizədinə dəstək verməyəcəyik. Çünki hesab edirik ki, bütün müxalifət partiyaları, özünü demokrat adlandıran müxalifət liderləri 1992-ci ildən üzübəri dövlət əleyhinə işləyir, Qərbin qrantları ilə Azərbaycan hökumətinə qarşı fəaliyyət göstərirlər. Ona görə də heç vaxt antidövlət fəaliyyəti aparan qüvvələrlə bir sırada olmayacağıq" - deyə AKP funksioneri bildirib.

Azərbaycanda Kommunist ideologiyasına əsaslanan partiya hələ "böyük oktyabr sosialist inqilabı" adlanan çevrilişdən əvvəl, 1903-cü ildə yaradılıb. O vaxt "Hümmət" adlanan partiyanın liderləri məşhur dövlət xadimləri Məşədi Əzizbəyov, Nəriman Nərimanov və digərləri olub. Azərbaycan Kommunist Partiyası isə 1993-cü ildə Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini bərpa edəndən sonra yaranıb. O vaxtdan indiyədək AKP-nin sədri Ramiz Əhmədovdur.

Partiya özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir.

Xəbər lenti

Xəbər lenti