...

Əvvəlki illərlə müqayisədə Azərbaycanda qadın məhbusların sayı azalıb

Cəmiyyət Materials 13 Sentyabr 2007 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Qadın Problemlərinin Tədqiqatları Mərkəzi bir neçə qadın məhbusun əfvi istiqamətində tədbirlər planı həyata keçirəcək və təkliflər paketi hazırlayacaq. Bu barədə cümə axşamı Trend ə Mərkəzin sədri Sevil Allahverdiyeva məlumat verib.

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi 4 saylı qadın cəzaçəkmə müəssisəsində - Qadın Həbsxanasında monitorinq aparıb. Monitorinq aparmaqda məqsəd cəzaçəkmə müəssisəsində qadınların hüquqlarının nə dərəcədə qorunması, beynəxalq tələblərə hansı səviyyədə cavab verilməsini öyrənmək olub.

Monitorinq nəticəsində məlum olub ki, burada cəza çəkən qadınların əksəriyyəti ölüm, fırıldaqçılıq və narkotika ilə bağlı həbs olunanlardır. Digər cinayətlər (fahişəlik, işlə bağlı həbs olunanlar və s.) nisbətən azlıq təşkil edir.

Maraqlı fakt odur ki, adam öldürən qadınların böyük əksəriyyəti öz həyat yoldaşlarını qətlə yetirənlərdir. Onlar şəxsiyyətlərinə hörmətsizlik edildiyinə görə bu yola əl atıblar.

Narkotika ilə bağlı həbs olunan qadınlar isə, əsasən, kişilər tərəfindən bu yola məcbur ediliblər.

Monitorinq qrupu bildirir ki, cəzaçəkmə müəssisəsində qadınların işləməsi üçün xalça və tikiş sexi var. Tikiş sexində sifarişlər olmadığına görə iş məhduddur, lakin xalça sexində iş şəraiti əsl azad cəmiyyətdə olan müəssisəni xatırladır. Orada xalça peşə kursu da fəaliyyət göstərir.

Baraklarda ventilyasiya sistemi normal deyil, eyni zamanda, otaqlarda yataq yerləri sıxdır. Cəzaçəkmə müəssisəsinin gigiyenik hamamı, gözəllik salonu, kitabxanası var. Kitabxanaya qəzetlər də gəlir, amma yalnız dövlət qəzetləri: "Azərbaycan", "Respublika", "Xalq" və "Bakinskiy Raboçiy". Məhbuslar xahiş ediblər ki, mətbuat orqanları lazımsız kitabların toplanması və türməyə verilməsinə köməklik göstərsin.

Monitorinq qrupu məhbusların qidalanmasını normal hesab edir. Səhər yeməyi üçün yağ və sıyıq, nahar üçün 2 növ yemək verilir. Məhbusların bildirdiyinə görə, hər gün ət yeməyi, təxminən, həftədə bir dəfə balıq verilir. Mətbəxdə sanitariya şəraiti əladır.

Müəssisənin normal xəstəxanası və tibbi personalı fəaliyyət göstərir. Məhbuslar bildiriblər ki, tibbi personal yüksək səviyyədə deyil, lakin onlara lazım olan anda müalicə tətbiq olunur. Dini ibadətlə məşğul olan məşbuslar üçün məscid var.

Məhbusların yaş tərkibi 18-dən 68-ə qədərdir. Onlar arasında ali təhsillilər 20 nəfərdən artıqdır. Məhbuslar arasında dilçi alim, professor, bir neçə kitabın müəllifi olan Leyla Tahirbəyova özünün günahsız olduğunu, sifariş əsasında həbs edildiyini bildirir.

Müəssisədə Azərbaycandan başqa, səkkiz dövlətin nümayəndəsi də var -

Rusiya 10 nəfər, Gürcüstan 7, Ukrayna 2, Özbəkistan 1, Qırğızıstan 1, Qazaxıstan 1, Moldova 1, İran 1 nəfər. Milli mənsubiyyətinə görə etnik tərkib belədir: azərbaycanlı 203, rus 14, avar 4, ləzgi 2, gürcü 2, ukraynalı 1, qaraçı 1, çuvaş 1, alman 1, qaqauz 1, qırğız 1, özbək 1, çeçen 1, kabardin 1, erməni 1 nəfər. Ümumilikdə 239 nəfər məhbus cəza çəkir.

Əvvəlki illərə nisbətən, əfvə və amnistiyaya düşməsi ilə əlaqədar 2007-ci ildə qadın məhbusların sayı azalıb. Məsələn, 2005, 2006-cı illərdə məhbusların sayı 249 idisə, 2007-ci ildə bu göstərici 239-a enib.

Xəbər lenti

Xəbər lenti