...

Məhkəmə BAXCP sədrinin baş redaktora qarşı şikayətini geri qaytarıb

Cəmiyyət Materials 14 Sentyabr 2007 13:18 (UTC +04:00)

Azərbaysan, Bakı / Trend , müxbir K. Zərbalıyeva / Məhkəmə BAXCP-nin sədri Qüdrət Həsənquliyevin "Xural" qəzetinin baş redaktoruna qarşı xüsusi ittiham qaydasında şikayətini geri qaytarıb.

Bu barədə cümə günü Trend ə qəzetin baş redaktoru Əvəz Zeynallı məlumat verib.

Zeynallı bildirib ki, Bakının Nərimanov rayon Məhkəməsi iddianın düzgün tərtib olunmamasını əsas gətirərək iddianı icraata qəbul etməkdən imtina edib.

Baş redaktorun sözlərinə görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Həsənquliyev "Xalq Cəbhəsi" qəzetində onun və rəhbəri olduğu qəzetin əleyhinə yazılar yazıb.

Bu yazıya cavab olaraq "Xural"da "Qüdrət Həsənquliyev niyə qanmır?" başlıqlı yazı dərc olunub.

Həsənquliyev bu yazıda yer alan fikirlərlə şərəf və ləyaqətinin təhqir olunduğunu əsas gətirərək Zeynallı barəsində Cinayət Məcəlləsinin böhtan (147) və təhqir (148) maddələri ilə cinayət işinin açılması ilə bağlı məhkəməyə müraciət edib.

"Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov da baş redaktor Zeynallının böhtan və təhqir cinayətləri ilə məsuliyyətə cəlb olunmasını tələb edir.

Bu iddia ilə bağlı sentyabrın 26-da Nərimanov rayon Məhkəməsində hakim Sevinc Alıyevanın sədrliyi ilə Əsgərovun iddiası üzrə hazırlıq iclası keçiriləcək.

Tərəflər arasında mübahisəyə "Xural" qəzetində nəşriyyatın fəaliyyəti ilə bağlı dərc olunmuş yazı səbəb olub. Yazıda "Azərbaycan" Nəşriyyatında ayrı-ayrı sexlərin fəaliyyət göstərdiyi barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti