...

Bəstəkar Siyavuş Kərimi: "Ermənilərin plagiatlığı səfirlik səviyyəsində həll olunmalıdır"

Cəmiyyət Materials 18 Sentyabr 2007 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / "TrendLife" , müxbir Günel Əhmədova/ Xəbər verdiyimiz kimi, ötən həftənin şənbə günü "ORT" telekanalında "Buz dövrü" ("Lednikovıy period") layihəsinin növbəti buraxılışı efirə çıxıb. Rusiyanın tanınmış estrada ulduzları və şou-biznes nümayəndələri cütlük şəklində buz üzərində "öz məharətlərini" göstəriblər. İsrailli Serqey Saxnovski (fiqurlu konkisürən) və "Fabrika" qrupunun üzvü Saşa Savelyeva (aktrisa) "Erməni toy rəqsi" nömrəsini təqdim ediblər. Özü də bu nömrə tanınmış Azərbaycan bəstəkarı Tofiq Quliyevin "Sənə də qalmaz" bəstəsinin müşayiəti ilə təqdim olunub. Diqqətimizi çəkən vacib məqam bu olub ki, Rəşid Behbudovun ifasında səsləndirilən məşhur mahnı "erməni xalq musiqisi" kimi təqdim edilib. Ermənilərin daha bir plagiyatlığını üzə çıxaran bu fakt ictimaiyyət arasında səs-küyə səbəb olsa da, aidyyatlı qurumlar hələ ki, ilk addım atmayıblar. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimlə söhbətimizdə o, "TrendLife"a bildirdi ki, qurum araşdırma aparacaq və məsələ ilə bağlı etirazlarını bildirəcəklər. Tofiq Quliyevin oğlu, kinorejissor Eldar Quliyev ona bu haqda informasiyanın daxil olduğunu, amma kadrları izləyə bilmədiyini söylədi: "Çox təəssüf ki, dostlarım həmin süjeti izlədikdən sonra mənə xəbər ediblər. Onu izləmək üçün ya verilişin təkrarını gözləməliyəm, ya da süjetin harada yerləşdirildiyini tapmalıyam. Bundan sonra konkret fikir söyləyə bilərəm". Eldar müəllim eyni zamanda bildirdi ki, əgər fakt özünü doğrutlsa, o, Müəllif Hüquqları Agentliyinə müraciət edəcək. O, məsələnin hüquqi şəkildə həlli üçün bütün gücünü səfərbər edəcəyini qeyd etdi. Kinorejissor ermənilərlə məhkəmə yolu ilə mübarizə aparacağını da istisna etmədi. Müəllif Hüquqları Agentliyinin əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Hidayət Həsənli isə məsələ ilə maraqlandıqdan sonra "TrendLife"a belə bir açıqlama verdi: "İnternetdə müəyyən axtarışlar aparmışıq. Həmin kadrlar bütöv şəkildə yerləşdirilmədiyi üçün məsələ bizə bir az qaranlıq qalır. Növbəti günlərdə həmin süjeti bütövlükdə əldə etməyə çalışacağıq. Onu da diqqətinizə çatdırım ki, axtarış zamanı biz həmin layihənin təqdimatı zamanı digər mahnılarımızın da erməniləşdirilərək səsləndirildiyini üzə çıxarmışıq. Bu faktları daha da dolğunlaşdırmaq lazımdır. Lazımi materiallar əldə etdikdən sonra mətbuata hansı addımlar atacağımız barədə məlumat veriləcək". Məsələyə mövqeyini bildirən xalq artisti, bəstəkar Siyavuş Kərimi həmin verilişi izlədiyini söylədi: "Görüntülər məni çox kədərləndirib. Axı, ruslar bizim musiqilərimiz barədə məlumatlıdırlar. Onlar bilə-bilə buna göz yumurlar. Məndə olan məlumata görə, həmin musiqini erməni balaban ifaçısı özününkülləşdirib. Düşünürəm ki, məsələ onların Azərbaycandan üzr istəməsi səviyyəsində həll olunmamalıdır. Çünki səhəri gün həmin ifaçılar başqa ölkədə çıxış etməklə musiqimizi yenidən yadlaşdıracaqlar. Məsələ orada, Moskvada fəaliyyət göstərən səfirlik səviyyəsində həll olunmalıdır". Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətovla əlaqə yaratdıqda isə o, məsələ ilə bağlı məlumata malik olmadığını söylədi.

.

.

Xəbər lenti

Xəbər lenti