...

Azərbaycanın qəzet redaktorları Türkiyənin dövlət rəsmiləri ilə görüşlər keçiriblər

Cəmiyyət Materials 3 Oktyabr 2007 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyənin Böyük Millət Məclisi yalançı erməni iddialarını ifşa etmək üçün Azərbaycan parlamenti ilə birgə işləmək niyyətindədir. Bu fikirləri Türkiyə parlamentinin vitse-spikeri Maral Aqşinər azərbaycanlı qəzet redaktorları ilə görüşündə deyib. Bu barədə çərşənbə günü Trend ə "Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı məlumat verib.

Ankarada səfərdə olan Azərbaycanın qəzet redaktorlarından ibarət nümayəndə heyəti Türkiyənin dövlət naziri Gürşad Tüzmən, xarici işlər nazirinin müavini Əhməd Ünal Çeviköz, parlamentin vitse-spikeri Maral Aqşinərlə və digər rəsmi şəxslərlə görüş keçiriblər.

Dövlət naziri Gürşad Tüzmənlə görüşdə isə nazir bildirib ki, Türkiyə prezidenti böyük nümayəndə heyəti ilə Azərbaycanda rəsmi səfərdə olacaq. Tüzmənin sözlərinə görə, həmin səfərdə Azərbaycanın təkcə neft-qaz sahəsində deyil, qeyri-neft sektorunda da sərmayələr yatırılması, iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq. Dövlət nazirinin sözlərinə görə, Türkiyənin Azərbaycanla bağlı yeni iqtisadi layihələri var.

Redaktorların xarici işlər nazirinin Mərkəzi Asiya, Qafqaz və Rusiya üzrə müavini, Türkiyənin Azərbaycandakı sabiq səfiri Əhməd Ünal Çeviközlə görüşündə Türkiyənin terrora qarşı apardığı mübarizə barədə danışılıb.

"Botaş" şirkətinin baş direktor müavini Hüseyn Saltukla görüşdə o, şirkətin Azərbaycanla bağlı layihələri barədə məlumat verib. Bildirib ki, "Botaş" bu ilin sonundan "Nabukko" layihəsini həyata keçirməyə başlayacaq. Şirkət həmçinin türkmən qazının Azərbaycandan keçməklə Avropaya nəqli ilə bağlı Türkmənistanla danışıqlarını davam etdirir.

Azərbaycan qəzetçiləri Türkiyənin NTV, TRT telekanalları və digər media orqanlarında da görüşlər keçiriblər.

"525-ci qəzet", "İki sahil", "Bizim yol", "Üç nöqtə" və "Xalq cəbhəsi" qəzetlərinin baş redaktorlarından ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri ötən həftənin sonundan başlanıb.

Xəbər lenti

Xəbər lenti