...

Avropa Məhkəməsi işdən qanunsuz çıxarılmış baş həkimin şikayəti üzrə Azərbaycana qarşı qərar çıxarıb

Cəmiyyət Materials 25 Oktyabr 2007 15:39 (UTC +04:00)
Avropa Məhkəməsi işdən qanunsuz çıxarılmış baş həkimin şikayəti üzrə Azərbaycana qarşı qərar çıxarıb

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Avropa Məhkəməsi işdən qanunsuz çıxarılmış baş həkimin şikayəti üzrə Azərbaycana qarşı qərar çıxarıb.

Cümə axşamı qəbul edilən qərarda Məhkəmə Respublika Doğum Evinin baş həkimi işləmiş Lətifə Əfəndiyevanın İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququ (Maddə 6) və Konvensiyanın 1 saylı Protokolunun mülkiyyət hüququ (maddə 1)maddələrinin pozulmasını təsdiqləyib.

Əfəndiyeva 29 dekabr 1993-cü ildə Səhiyyə Naziri Əli İnsanovun əmri ilə Respublika Doğum Evinin baş həkimi vəzifəsindən azad edilib.

9 sentyabr 1994-cü ildə Nəsimi rayon məhkəməsinin qətnaməsi ilə, Əfəndiyeva işinə bərpa olunsa da, İnsanov məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırıb. Məhkəmə qərarını icra etmədiyi üçün hazırda həbsdə olan sabiq səhiyyə naziri barəsində 10 yanvar 1995-ci ildə cinayət işi açılıb. Sonradan həmin cinayət işi xitam olunub.

Əfəndiyeva pozulmuş hüquqlarının bərpası və məhkəmə qərarının icra olunmaması ilə bağlı 2003-cü ildə Avropa Məhkəməsinə şikayət edib.

Şikayətin ədalətli kompensasiyanın ödənilməsi hissəsi ilə bağlı Avropa Məhkəməsi qərar qəbul etməyib. Bunu Əfəndiyevanın kompensassiyanın ödənilməsi ilə bağlı Ali Məhkəmədə şikayətinin araşdırılması ilə izah edib.

Əfəndiyeva cümə axşamı Trend ə bildirib ki, o, bu il iyulun 11-də səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə əvvəlki işinə bərpa olunub.

"Mən bu işdə qalib tərəf tanımıram. Elə etmək lazım idi ki, bu iş Avropa Məhkəməsinə getməsin. O vaxt İnsanov məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırdı. İnsanov həbs olunandan sonra mənim işimlə bağlı da ona ittiham elan olundu. Ona verilən 11 illik cəzanın 2 ili mənim işimlə bağlıdır",-deyə Əfəndiyeva bildirib.

Baş həkimin sözlərinə görə, işdən azad olunanda ona ödənilmiş kompensasiyanın məbləği ilə razılaşmayıb və ədalətli kompensiyanın, İnsanovun hesabından ödənilməsi tələbi ilə Ali Məhkəməyə müraciət edib. Şikayət hazırda Ali Məhkəmənin icraatındadır.

Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib ki, kompensasiyanın ödənilməsi ilə bağlı Ali Məhkəmə obyektiv qərar çıxarmazsa, Avropa Məhkəməsi şikayətin Konvensiyanın əvəzin ədalətli ödənilməsi maddəsinin pozuntusu ilə bağlı hissəsinə yenidən baxa bilər.

Əfəndiyevanın işi ilə bağlı Avropa Məhkəməsinin qərarı Azərbaycana qarşı çıxarılan səkkizinci qərardır.

Xəbər lenti

Xəbər lenti