...

Branimir Subaşiç: "Belçikaya qarşı oyunda qapını silkələmək istəyirik"

Cəmiyyət Materials 21 Noyabr 2007 14:22 (UTC +04:00)
Branimir Subaşiç: "Belçikaya qarşı oyunda qapını silkələmək istəyirik"

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Noyabrın 21-də T.Bəhramov adına Respublika stadionunda Belçikaya qarşı keçiriləcək oyunla futbol üzrə Azərbaycan yığması Avropa çempionatı - 2008-in seçmə oyunlarına yekun vuracaq. Meydan sahibləri bu görüşə xüsusilə hazırlaşır və qələbə qazanmaq arzusundadır. Oyunçular arasında rəqib qapısı qarşısında daha çox narahatçılıq yaratmaq qabiliyyəti ilə seçilən, yığmada olduğu kimi, "Neftçi"də də yaxşı nəticələr göstərən hücumçulardan biri də Branimir Subaşiçdir. O, oyun öncəsi təəssüratlarını Trend agentliyinin müxbiri ilə bölüşüb.

- Qələbə qazanmaq istəyi nə dərəcədə yüksəkdir?

- Bunu hətta sözlə belə demək mümkün deyil. Biz sonuncu oyunda qapını möhkəm silkələmək və belçikalılar üzərində qələbə qazanmaq niyyətindəyik. Əlbəttə, rəqib də həmçinin Avro-2008-in final mərhələsinə çıxmaq şanslarını itirib. Lakin Bakıda məğlubiyyət yəqin ki, onların planına daxil deyil.

- Coko Hacıyevskinin baş məşqçi postuna gəlməsindən sonra komandanın oyununda nə dərəcədə dəyişiklik baş verib?

- Dəyişiklik var. Bu, bizim finlərə qarşı keçirdiyimiz səfər qarşılaşmasında da nəzərə çarpırdı. Biz həmin oyunda pis oynamadıq və çox təəssüf ki, məğlub olduq. Odur ki, indi bütün azarkeşlər bizdən belçikalılarla qarşılaşmada gözəl oyun sərgiləməyi gözləyir və düşünürəm ki, biz onların ümidlərini doğrulda bilərik. Finlərlə oyunun təsadüf olmadığını sübut etmək lazımdır.

- Yəqin ki, stadionda anşlaq olacağını gözləyirsiniz?

- Əlbəttə. Artıq mənə bildiriblər ki, oyun zamanı arena azarkeşlə dolu olacaq və indi bircə o qalır ki, hava bizi pis vəziyyətdə qoymasın. Lakin oyun çox maraqlı olacaq, bu dəqiqdir.

- Bəs Belçikanın hazırkı gücü barədə nə deyə bilərsiniz?

- Biz rəqibin oyunları yazılmış videolentlərə baxmıışıq. Bu komandanın hazırda necə oynamasını demək çətindir. Rəqibin heyətində topla yaxşı rəftar etməyi bacaran gənc oyunçular oynayır. Lakin təkcə bu, qələbə üçün kifayət etmir.

- Biz rəqibin qarşısına nə ilə çıxacağıq?

- İstəklə. Biz rəqibə qarşı oynamaq və Azərbaycanda futbolun olduğunu sübut etmək niyyətindəyik.

- Həm də qol vurmaq?

- Allah qoysa!

Xəbər lenti

Xəbər lenti