...

Azərbaycan Hüquqşünaslar Forumu baş redaktorun həbsini təxribat kimi qiymətləndirir

Cəmiyyət Materials 11 Dekabr 2007 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovun həbsini onun vəkilləri və Azərbaycanın bir sıra tanınmış hüquqşünasları əvvəldən hazırlanmış təxribat hesab edirlər. Bu barədə çərşənbə axşamı Azərbaycan Hüquqşünaslar Forumunun Zahidovun həbsi ilə bağlı keçirdiyi Dəyirmi masada açıqlamalar verilib.

Zahidovun vəkillərindən biri Elçin Sadıqov bildirib ki, müdafiə etdiyi şəxs noyabrın 7-də "Azərbaycan" nəşriyyatının binasına işə gələrkən binanın qarşısında bir qadın onu söyməyə və sonra qışqırmağa başlayıb. Bu zaman kənardan tanımadığı bir kişi onlara yaxınlaşıb və Zahidovla mübahisə etməyə başlayıb, sonra onunla əlbəyaxa olub. Noyabrın 8-də Yasamal rayon Polis İdarəsindən zəng vuraraq Zahidovun ertəsi gün idarəyə gəlməsini xahiş ediblər. Zahidov noyabrın 10-da polis idarəsinə gedib və onun şübhəli şəxs qismində 48 saat saxlanılması barədə protokol tərtib olunub.

Baş redaktor Cinayət Məcəlləsinin "qəsdən sağlamlığa az ağır zərər vurma" və "xuliqanlıq" cinayətlərində şübhəli bilinərək noyabrın 11-də Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs olunub.

Vəkil Sadıqov bildirib ki, məhkəmə Zahidovun həbsi ilə bağlı apellyasiya şikayətini, onun girov müqabilində azadlığa buraxılması barədə vəsatəti təmin etməyib.

Digər vəkil Rəşid Hacılı bildirib ki, Zahidovun tutulması haqda protokolun gec tərtib olunması, noyabrın 10-da vəkilləri ilə görüşünə icazə verilməməsi, məhkəmənin ittihamın əsaslı olub-olmadığına qiymət verməməsi Avropa İnsan Haqları Konvensiyasına ziddir.

Hacılı bildirib ki, Zahidovun həbsinin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən primitiv və qeyri-peşəkar şəkildə hazırlanmış təxribatdır. Hüquqşünaslar Forumunun sədri Ənnağı Hacıbəyli də bildirib ki, ictimai, siyasi cəhətdən fəal olan hər bir şəxsə qarşı belə təxribatlar hazırlana bilər.

Xəbər lenti

Xəbər lenti