...

Gürcüstan azərbaycanlıları milli azlıqların cəmiyyətə inteqrasiyası proqramının səmərəliliyinə şübhə edirlər

Cəmiyyət Materials 26 Yanvar 2008 10:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 yanvar / Trend , müxbir N.Kirtsxaliya, S.İlhamqızı/ Gürcüstan rəhbərliyi xüsusi proqramın reallaşdırılmasının ölkədə yaşayan azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasına kömək edəcəyini hesab edir. Lakin azərbaycanlılar özləri buna şübhə edirlər.

Gürcüstandakı etnik azlıqların problemlərinin həllinin prioritetliyi haqqında bəyanatı bir gün əvvəl, Avropa Şurası Parlament Assambleyasının iclasında Gürcüstan prezidenti Mixail Saakaşvili verib. O, əsas hədəfin azərbaycanlı həmvətənlərin təhsil məsələsinin olduğunu və bu istiqamətdə müəyyən işlərin aparıldığını qeyd edib. Prezident Gürcüstan azərbaycanlılarının təhsil probelmi həll olunduqdan sonra onların dövlət orqanlarında işlə təmin olunması prosesinin sadələşəcəyini, həmçinin, onların sosial problemlərinin həll olunacağını bildirib.

"Gürcüstanda yaşayan azərbacyanlıların gürcü cəmiyyətinə inteqrasiyasına yönəlmiş xüsusi proqram artıq işə salınıb", - Kvemo-Kartli regionunun qubernatoru Zurab Melikaşvili cümə günü Trend -ə bildirib.

Qeyri-rəsmi məlumatlara əsasən, Gürcüstanda, o cümlədən, Kvemo-Kartli regionunda yığcam şəkildə yarım milyondan çox etnik azərbaycanlı yaşayır. Rəsmi məlumatlara görə isə, 5,7 mln. gürcünün 6%-dən azı azərbaycanlıdır. Gürcüstan azərbaycanlıları tez-tez milli əlamətlərə görə, o cümlədən, dövlət orqanlarında vəzifəyə təyin, özəlləşdirmə zamanı torpaqların bölünməsi, sosial məsələlərin və təhsil problemlərinin həlli zamanı diskriminasiyaya məruz qaldıqlarından şikayətlənirlər.

Melikaşvilinin sözlərinə görə, proqram, əsasən, təhsil sisteminə toxunur. O bildirib ki, proqram çərçivəsində, artıq ikinci ildir ki, etnik azlıqların tədris zamanı dövlət dilinin öyrənilməsinin qısa kursunu keçə biləcəkləri Zurab Jvaniya adına İnzibatçılıq məktəbi fəaliyyət göstərir.

Gürcüstanın Təhsil və Elm Nazirliyindən cümə günü Trend -ə azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasının, əsasən, onların dövlət dilini öyrənməsini nəzərdə tutduğunu bildiriblər. Buna baxmayaraq, onlara öz doğma Azərbaycan dillərini də öyrənməyə tam imkan yaradılır. Bununla yanaşı,nazirlikdə Gürcüstan prezidentinin Gürcüstanda yaşayan azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasına yönəlmiş xüsusi proqramın reallaşdırılması haqqında bəyanatına heç bir şərh verməyiblər.

Gürcüstanda yaşayan azərbaycanlılar hökumətdə belə sənədin mövcudluğu haqqında məlumatlı deyillər. "Biz Saakaşvilinin belə bəyanatına çox təəccübləndik və belə sənədlə tanış deyilik", - Gürcüstanda fəaliyyət göstərən "Qeyrət" Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov Trend - ə bildirib.

"Əgər belə bir proqram varsa da, çətin ki, onda Gürcüstanda yaşayan hər bir milli azlığın spesifik problemləri öz əksini tapıb. Yəqin ki, proqramda inteqrasiyanın ümumi prinsipləri göstərilib", - cümə günü Əsgərov Tbilisidən telefonla Trend -ə bildirib. Onun sözlərinə görə, gürcü cəmiyyətinə inteqrasiya "bizim doğma dilimizin, milli şüurumuzun və milli azlıqların hüquqlarının assimilyasiyasına" gətirməməlidir və bu şərtlə onların dövlət idarəetməsi sistemində iştirakı təmin edilməlidir.

Əsgərov, Gürcüstan parlamentində "Milli azlıqlar haqqında" Qanunun qəbul edilməsinin belə proqramların reallaşdırılmasından yaxşı olacağını hesab edir.

Xəbər lenti

Xəbər lenti