Azərbaycan, Bakı, 07 fevral /müx. TrendLife Günel Əhmədova/
Heydər Əliyev adına Sarayın təmiri bir çox təşkilatçılar kimi, Nahid Emiloğlunun iş qrafikini də aşağı salıb. Təşkilatçının TrendLife-a bildirdiyinə görə, dəfələrlə restoran rəhbərliyindən konsert təşkili üçün təkliflər alıb: "Bunların heç birini dəyərləndirməmişəm. Çünki özümü restoran çərçivəsində çalışan təşkilatçı kimi görmək istəmirəm. Layihələrim Heydər Əliyev adına Saray, Yaşıl Teatrda təqdim olunub. Birdən-birə restoran səviyyəsinə düşə bilmərəm. Eyni zamanda, bu, mənim yaradıcılıq platformama yaxın deyil".
Stadionlara da bir o qədər maraq göstərmədiyini deyən təşkilatçı Nahid Emiloğlu əlavə etdi ki, bir müddət konsertlərinin sayını axsatmağı düşünür: "Yeni ildə ilk konsert layihəm Tarkanın iştirakı ilə Yaşıl Teatrda keçiriləcək. Ola bilsin yay ayında həmin məkanda daha bir neçə konsert layihəm gerçəkləşsin. Sarayın təmirindən sonra proqramların sayını artırmağı düşünürəm".
Yeri gəlmişkən qeyd edək ki, TrendLife-ın informasiya dəstəyi göstərəcəyi Tarkanın konserti üçün nəzərdə tutulan afişaların hazırlıqları başlayıb. Gələn aydan etibarən isə anonslar hazırlanacaq. Söhbət zamanı bəlli oldu ki, Nahid Emiloğlu ötən il barəsində danışdıcı "Super start" layihəsinin üstundən xətt çəkib. Mahnı musabiqələrinin sayının kifayət qədər olduğunu xatırladan təşkilatçı daha birinə lüzum olmadığını qeyd etdi. Xatırladaq ki, müsabiqənin münsiflər heyətində türkiyəli Çelik və Ercan Saatçinin təmsil olunacağı bildirilmişdi.