...

Müğənni İzzət Bağırov Orxan Hüseyni bəyənmədi

Cəmiyyət Materials 7 Mart 2008 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart /müx. TrendLife Şahin Cavadsoy/

Dünən Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrında müğənni İzzət Bağırov vəd verdyi sürprizlə tamaşaçılarının görüşünə gəldi. Qeyd edək ki, "Ayrılıq imiş" adlı melodram filmini müğənni ötən il kinosevərlərə təqdim etməli idi. Ancaq ekran əsərinin quruluşçu rejissoru və ssenaristi Ağəli Əliyevin vaxtsız vəfatı premyeranı bir xeyli yubatdı. Ona görə də filmin tamamlanma işlərini rejssor Faiq Kərimoğlu öz üzərinə götürüb, "Ayrılıq imiş"i sonadək montaj etdi. İzzət Bağırov, TrendLife-a verdiyi açıqlamasında baş rola çəkildiyi filmi barəsində bunları söylədi: "Orxan Hüseyn adlı müğənninin həyatından bəhs edən filmdə bir gəncin acı həyatından danışılır . Baş qəhrəman kənddən gələn bir oğlandır. Yaxşı insanların dəstəyi ilə o, bir xanım bəstəkarla tanış olur. Südabə adlı bu qadın həm də konsert təşkilatçısıdır. Orxana hədsiz simpatiyası olan Südabə, istəmədən ona vurulur.Və hər şey də bundan sonra başlanır. Lakin oynadığım Orxan obrazı Nərmin adlı bir qızla tanış olur və onun məhəbbətini qazanır. Süjet xətti Orxanı dəlicəsinə sevən Südabənin tapançadan açıdığı güllə ilə yekunlaşır. Sevgisini kimsə ilə paylaşmayan əsas qəhrəman dünyadan nakam gedir".

Filmdə cərəyan edən hadisələrin öz həyatı ilə heç bir bağlılığı olmadığını israrla söyləyən İzzət, bunun sırf ssenaridə belə yazıldığını dilə gətirdi: "Bu əsər mərhum Ağəli tərəfindən 17-18 il əvvəl yazılıb. Yəni o vaxtlar mən yeniyetmə idim. Bir sözlə, mən bu ekran işində yalnız bir aktyor kimii çəkilmişəm".

Saat 19:00-da başlamalı olan təqdimat təxminən 40 dəqiqə yubandı. Nəhayət, təqdimatın aparıcısı Emin Musəvi səhnədə görünüb, bütün yaradıcı heyəti tamaşaçıların qarşısına dəvət etdi. Qeyd edək ki, Südabə rolunda əməkdar artsit Mehriban Xanlarova, Nərmin obrazında isə, müğənni Natəvan Həbibi çəkiliblər. Əməkdar artist Çingiz Əhmədov, aktyorlardan Məhərrəm Qurbanov, Səidə Quliyeva, Kazım Abdullayev, Anar Heybətov, Ziba Ramazanlı və başqaları da "Ayrılıq imiş"də rol alıblar.

Film tamaşaçılar tərəfindən də böyük maraqla izlənildi. Premyeradan sonra İzzət "Abşeron" ansamblının müşayiəti ilə birgə, bir saata yaxın öz mahnılarıyla da pərəstişkarlarına xoş anlar yaşatdı.

Tədbirdə sənətçi "Allahın elçiləri" adlı kitabını da təqdimat etdi. Peyğəmbərlərin həyatından bəhs edən kitab, mərasimə gələnlərin xüsusi rəğbəti ilə qarşılandı.

Sonda İzzət Bağırovun sözlərindən belə məlum oldu ki, o, heç də baş rolda oynadığı Orxan Hüseyni bəyənmir: "Mən kimsənin hesabına İzzət Bağırov olmamışam. Bir Allah şahiddir ki, qazandığım bu hörməti yalnız öz gücümə əldə etmişəm. Ümidliyəm ki, bundan sonra da kimsənin dəstəyinə ehtiyacım olmaz".

Xəbər lenti

Xəbər lenti