...

Qubadakı kütləvi məzarlıqdakı torpaq sürüşməsi ilə bağlı ekspertlər baxış keçiriblər

Cəmiyyət Materials 14 Mart 2008 15:02 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 14 mart/ Trend , müxbir A.Qafarov/ Quba rayonundakı kütləvi məzarlıqda baş verən torpaq sürüşməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspertləri martın 14-də həmin əraziyə baxış keçiriblər. "Torpaq uçqununun qarşısı alınmasa, insan sümükləri çıxarılan iki çalanın uçma təhlükəsi yaranacaq" cümə günü Trend a institutun Quba ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev bildirib.

Martın 12-də kütləvi məzarlıqda torpaq sürüşməsi olub. Nəticədə qazıntı işləri aparılan bir neçə kvadratmetrlik ərazi uçub və sümüklər torpağın altında qalıb.

Ötən il aprelin 3-də Quba şəhər stadionunun təmiri zamanı çoxlu sayda insan sümükləri aşkarlanıb. Sonradan davam etdirilən qazıntılar zamanı ərazidə 150-dən çox insanın kütləvi şəkildə basdırıldığı müəyyən olunub. Sümüklərin yaşını müəyyən edən mütəxəssislər və regiondaki tarixi prosesləri analiz edən alimlər burada kütləvi şəkildə basdırılan insanların 1918-ci ildə ermənilərin Qubada törətdikləri qırğınların qurbanları olduğunu müəyyənləşdiriblər.

Ağayev deyib ki, torpaq sürüşməsinin qarşısını almaq üçün Quba rayon İcra Hakimiyyəti ilə birgə qabaqlayıcı tədbirlər görülür. Onun sözlərinə görə, məzarlıqda növbəti ekspertizanın geniş tərkibdə təcili başlanılması üçün institut rəhbərliyinə müraciət edib.

Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti