...

Kitablarımı öz pulumla çap etdirirəm –Vahid Əziz

Cəmiyyət Materials 15 Mart 2008 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart /müx. TrendLife Şahin Cavadsoy/

. Olduqca maraqlı həmsöhbət olan Vahid Əzizlə söhbətimizin ana xəttini ədəbiyyatımızda yeniliklər, tərcümələr və ən əsası, poeziyada hökm sürən problemlər təşkil etdi:

- Vahid müəllim, istərdik söhbətimizə əməkdar artist Tünzalə Ağayevanın sözlərinizə yazdığı "Yoxsan bu şəhərdə" mahnısının tarixçəsindən danışaq. Belə deyirlər ki, bu şeir sizin həyat yolunuzdan bəhs edir.

- Əvvəla, Tünzalə xanım gözəl bir iş görüb "Nə deyək" şeirimə çox maraqlı bir mahnı bəstələdi. İnanın, tarixinə baxıb dəqiqləşdirdim ki, mən bu şeiri keçən il mayın 3-də yazmışam. Ancaq, o, mahnıya "Yoxsan bu şəhərdə" adını verib. Əslində, Tünzalə xanıma bir neçə şeirimi təqdim etmişdim. Ancaq nədənsə, o, məhz bunu seçdi. O ki qaldı sözlərin mənimilə olan əlaqəsinə, deyə bilərəm ki, həmin sətirlərə hər birimizin həyatında rast gəlmək olar. "Evində yanmırsa işıq, demək, yoxsan bu şəhərdə... və yaxud "Ən uzağı bircə günlük, demək. yoxsan bu şəhərdə..." Mən elə deməzdim ki, bu sözləri bilavasitə öz həyatımla bağlamışam.

- Ədəbiyyatımızın bu günü sizi qane edirmi?

- Ədəbiyyatımızın hazırkı durumu qənaətbəxşdir. Desəm ki, bu gün şeirin bu günü məni razı salmır, soruşarlar ki, sən özün neyləmisən ki, bu sualı kiməsə ünvanlayırsan? Bilirsiz, ədəbiyyat sözlə bağlı olan bir şeydir. Bu planla deyil ki, vaxtında və vədəsində kimlərinsə ixtiyarına buraxılaraq, müzakirə edilsin. Ədəbiyyatın məqsədi və vəzifəsi cəmiyyətdə cərəyan edən proseslərə baxmaq, qiymət vermək və nöqtə qoymaqdır. Bu, bilavasitə istedadla, ilhamla yaranır.

-Belə çıxır ki, gənc yazarların yazdıqları sizi razı salır?

- Əlbəttə. Bu gün kifayət qədər gözəl qələmə malik olan qələm sahibləri, nasirlərimiz var. Ümumiyyətlə, bizdə həmişə poeziya nəsri üstələyib. Məni qane edən ədəbi prosesin özüdür. Hətta ədəbi mübahisələr də ürəyimdən xəbər verir. Hesab edirəm ki, ziyalı çəkişməsi olmayan yerdə inkişaf yoxdur. Bir problem ondan ibarətdir ki, gənclər öz yazdıqlarını çap etdirməkdə çətinliklərlə qarşılaşırlar. Əvvəllər dövlət nəşriyyatları fəaliyyət göstərirdi və vəsait ayrılırdı ki, yazarların əsərləri həmin mətbəələrdə çap edilsin. Ancaq indi hamı öz pulu ilə kitabını çap etdirir. Bu sırada Vahid Əzizin də adı var. Yəni kitablarımı öz pulumla çap etdirirəm.

- Vahid müəllim, razılaşın ki, indiki vaxtda yazılan əsərlərin müxtəlif dillərə tərcümə edilməsi də problemə çevrilib. Çox az yazıçı tapılar ki, yazdıqları xarici dilə tərcümə edilsin.

- Məsələ ondadır ki, bu işdə də yazıçının özü maraqlı olmalıdır. Yəni, dediyim kimi, maliyyə vəsaiti olan istənilən insan, öz əsərlərini müxtəlif dillərdə tərcümə etdirə bilər. Lakin yenə vurğulayıram ki, ədəbiyyat mədəniyyətdir. Ədəbiyyat xalqı tanıtmaq üçün çox vacib bir amildir. Və hesab edirəm ki, Azərbaycan ədəbiyyatının tərcümə edilərək dünya miqyasında yayılması mütləq dövlət nəzarəti altında olmalıdır. Çünki, əgər orta səviyyəli bir yazıçı öz pulu ilə əsərlərini tərcümə etdirib kitablarını xarici dövlətlərdə yayırsa, poeziyamızı məhz belələrinin adı ilə tanıyırlar. Axı onlardan da güclü yazarlarımız var!!!

- Söylədiklərinizdən belə çıxır ki, Vahid Əziz həm də senzuranın tərəfdarıdır.

-Qətiyyən bu fikirlə razılaşmıram. Senzuranın yox, az əvvəl vurğuladığım özbaşınalığa qarşıyam. Zənnimcə, sadaladığım problemlər dövlət tərəfindən tənzimlənərsə, ədəbiyyatımız heç bir problemlə üzləşməz.

Xəbər lenti

Xəbər lenti