Azərbaycan, Bakı 18 mart / " müxbir K.Zərbaliyeva/ Korrupsiya cinayətlərində ittiham olunan sabiq iqdisadi inkişaf naziri Fərhad Əliyev tibbi müayinə olunması və tam müalicəsindən sonra məhkəmə prosesinin başlanmasını istəyib. Bu vəsatətlə çərşənbə axşamı Bakı Apellyasiya Məhkəməsində sabiq nazir Əliyev və onunla birgə həbs olunan şəxslərin barəsində verilən apellyasiya şikayəti üzrə keçirilən prosesdə vəkil Elton Quliyev çıxış edib.
Sabiq iqtisadi inkişaf naziri Əliyev və onun qardaşı, "Azpetrol" şirkətinin keçmiş prezidenti Rafiq Əliyev 2005-ci ilin oktyabrında həbs edilib. Həmin vaxt onların hər ikisi dövlət çevrilişi və kütləvi iğtişaşlar hazırlamaqda ittiham edilib.
Vəkil bildirib ki, fevralın 5-dən 20-dək sabiq nazir penitensiar xidmətin müalicə müəssisəsində müayinədən keçirilib və bu günədək Əliyev və vəkillərinə müayinələrin nəticələri təqdim olunmayıb. Bu səbəbdən də vəkil həmin nəticələrin məhkəməyə təqdim olunması, nəticələr əsasında Əliyevin etibar etdiyi həkim tərəfindən müalicə olunması və bundan sonra məhkəmə prosesinin başlanmasını xahiş edib.
Vəsatətə münasibət bildirən sabiq nazir siyasi sifarişlə həbs olunduğunu, məhkəmə hökmü olmadan qanunsuz olaraq 2 il 6 ay həbsdə saxlanıldığını vurğulayıb. Əliyev səhhətinin ağır olduğunu və etibar etdiyi həkim tərəfindən müalicəyə ehtiyacı olduğunu bildirib. F.Əliyevin qardaşı R.Əliyevin vəkili Fuad Ağayev birinci instansiya məhkəməsində cinayət işinin obyektiv araşdırılmadığını əsas gətirərək, işin təkrərən baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə verilməsi üçün vəsatət verib. Vəsatətlər barədə qərar günün ikinci yarısı qəbul olunacaq.