Azərbaycan, Bakı, 2 may /müx. TrendLife Günel Əhmədova
Müəyyən fasilədən sonra səhnəyə qayıdış edən əməkdar artist Almaz Ələsgərlinin vədlərinə inansaq, indi onun adı böyük layihələrdə hallandırılmalı idi. Lakin müğənni sakit yaradıcılıq həyatı surməkdə davam edir. Deyə bilərik ki, KİV-in və tele-kanalların diqqətini kütləvi şəkildə yalnız qızının toyu günü özünə çəkə bildi. Hazırda yeni mahnılar hazırlayan müğənninin bununla sənətdə partlayış edə biləcəyi inandırıcı görünmür. Özü ilə söhbətində əməkdar artist TrendLife-a bir neçə bəstəkarla çalışdığını söylədi. Lakin müğənni böyük işlər barədə heç nə düşünmür:
"Səbəbini sizə söyləyim. Məndə əvvəlki qədər sənətə həvəs qalmayıb. Günü-gündən meydandan çəkilirəm. Buna kimlərsə mane olmur. Sadəcə vəziyyətin dəyişdiyini görür və bununla razılaşa bilmirəm. Etiraf edim ki, sənətə çox az maraq göstərirəm. Efirə, tamaşaçı qarşısına çıxsam da, kənarda böyük layihələr barədə düşünə bilmirəm".
Hazırkı mühitə alışa bilməyən Almaz Ələsgərli gənc müğənnilərin iddaları ilə razılaşmadığını söylədi:
"İndiki cavanların hərəsi bir cür təfəkkürə malikdirlər. Hərəsi bir cür iddaı ilə çıxış edirlər. Onların sənətdə göstərdiyi səhnələr məni narahat edir. Özümü onlarla bir meydanda görmək istəmirəm. Ona görə də, çalışdığım qədər arxa planda oluram".
Sənətə iki illik fasilə verən Almaz xanım bu müddətdə çox şeylərin dəyişdiyini görüb. Bu dəyişikliydə isə o, özünü görə bilmir. Müğənninin fikrincə, hətta onun həmyaşıdlarının xarakterində də dəyişikliklər hiss edir:
"Elə bil mühit onların psixologiyasına da təsir göstərib. Mənimlə dostluq edən insanların xarakterinin dəyişdiyini görürəm. Münasibətləri əvvəlki kimi deyil. Soyuqqanlı, özlərindən razı olublar. Onlarda da münasibətimdə sərhəd yaratmışam".
Sonda müğənni qeyd etdi ki, yaxın günlərdə Məryam Əlibəyli və Gövhər Həsənzadənin bəstəsi olan iki yeni mahnısını dinləyicilərinə təqdim edəcək.