...

Gülyaz və Gülyanaq Məmmədova bacıları muğamla müasir musiqini yenidən sintez edəcəklər

Cəmiyyət Materials 13 May 2008 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /müx. TrendLife Günel Əhmədova

"Hər iki teatrda çalışmaq həm məsuliyyətli, həm də çətin peşədir. Hərdən qrafikimə nəzər yetirib boş olacağım günü gözləyirəm, dincəlmək istəyirəm. Son aylar dövlətin xətti ilə bir sıra səfərlər oldu, eyni zamanda bölgələrdəki konsertlər proqramı daha da sıxlaşdırıb. Amma səfərlər sənətçiyə zövq verir, hər dəfə yeni küçələr, yeni şəhərlər görmək insanın dünyagörünüşünü artırır və yorğunluğumu çıxarmağa çalışıram", - bu sözləri TrendLife-a Opera və Balet Teatrının, R.Behbudov adına Teatrın solisti, əmədar artist Gülyaz Məmmədova bildirib.

Vaxtilə "Şahnaz" və bir neçə muğamları müasir musiqi ilə sintez şəklində tamaşaçılarına təqdim edən Gülyaz və Gülyanaq Məmmədovaların yaradıcılığını son illər ənənəvi və xırda layihələr tamamlayır. Bunun səbəbinə toxunan Gülyaz Məmmədova bildirdi ki, Gülyaz xanımın növbəti dəfə ana olmağa hazırlaşdığı hər iki sənətçinin planlarında fasilə yaradıb. Buna baxmayaraq Məmmədova bacılarının yeni layihəsinin hazırlığına başlanıb. Gülyaz xanımın təqdimatın yeni mövsümə nəzərdə tutulduğunu söyləsə də, mahiyyəti barədə hələlik açıqlama vermək istəmədi. Çünki müğənnilər layihədəki bəzi məqamları dəqiqləşdirməyiblər.

Sənətçilərin muğamda sintez ideyasına gəlincə, bu, uzun illərdən sonra yenidən bəhrəsini verəcək. Gülyaz xanım bu dəfə segah muğamlarından bəhrələnəcəklərini diqqətə çatdırdı.

Opera və Balet Teatrında Leyli, Şahsənəm və bir sıra tamaşaların baş rollarında oynayan Gülyaz Məmmədovanın növbəti hədəfi "Əsli və Kərəmdə" baş roldur. Hazırda musiqili əsərin sözlərini hazırlayan teatrın solisti, yaxın həftələrdə musiqili məşqlərə başlayacağını söylədi.

Söhbətinin davamında G.Məmmədova mayın 14-də Astaraya bir neçə günlük səfər edəcəyini diqqətə çatdırdı:

"Məlumdur ki, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə iki ildən bir muğam müsabiqəsi keçirilir. Sözügedən bölgədəki istedadlı uşaqların seçimi Canəli Əkbərov, Səkinə İsmayılova, Mənsum İbrahimov və mənə tapşırılıb. Bir neçə gün ərzində uşaqları dinləyib, onların arasında seçim edəcəyik".

Xəbər lenti

Xəbər lenti