...

Azərbaycan diasporu Dünya Azərbaycanlıları Konqresindən narazıdır

Cəmiyyət Materials 19 May 2008 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir C.Babayeva/ Sabir Rüstəmxanlının Dünya Azərbaycanlıları Konqresinin (DAK) qurutayının keçirilmə vaxtını dəyişdirməsi xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının etirazına səbəb olub. Bu barədə bazar ertəsi Trend -a Qulamrza Səbri Təbrizinin sədri olduğu DAK-ın koordinasiya və informasiya mərkəzinin rəhbəri Əlirza Amanbəyli bildirib.

DAK 1997-ci ildə ABŞ-da yaradılıb. Təşkilat əsasən dünya azərbaycanlılarının hüquqları və Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır.

DAK daxilində yaranmış narazılıqlar nəticəsində İdarə Heyəti (İH) iki yerə bölünüb. İH-nin 16 nəfər üzvündən 11-i Rüstəmxanlını DAK-ın sədri seçib. İH-nin qalan üzvləri və tərəfdarları Təbrizinin sədrliyini dəstəkləyir və iyunun 20-22-də Brüsseldə Avropa Parlamentində qurultay keçirəcəklər.

Rüstəmxanlının bildirdiyinə görə, DAK-ın mayın 24-25-də Almaniyanın Köln şəhərində keçirilməsi planlaşdırılan növbədənkənar qurultayı təxirə salınıb. Qurultay iyunun 6-8-də keçiriləcək. Onun sözlərinə görə, vaxtın dəyişdirilməsinin səbəbi tərəflərin bu qurultaya qatılmasına nail olmaqdır.

Amanbəylinin sözlərinə görə, hər iki Konqresin qurultaylarının keçirilmə vaxtı və yerinin dəyişdirilməsi üçün Təkşilat Komitəsinin yaradılması barədə razılıq əldə olunmuşdu. Lakin Komitə yaradılmadan Rüstəmxanlı qurultayın keçirilmə vaxtını dəyişdirsə də, yerini dəyişdirmədi.

"Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının böyük əksəriyyəti iyunun 20-22-də Brüsseldə keçiriləcək birlik qurultayını məqsədəuyğun saydığına görə bu qurultaya hazırlaşırlar. Buna görə də iyunun 6-8-də Kölndə keçiriləcək qurultaya qatıla bilməyəcəklər. Bu, həmçinin qurultayın keçirilməsinə çox az müddətin qalması ilə əlaqədardır. Diaspor təşkilatları Sabir Rüstəmxanlının da bu qurultaya qatılması üçün ona müraciət ediblər. Birlik qurultayında həmçinin Cavad Derəxti və Əhməd Obalı da iştirak edəcək", deyə Amanbəyli bildirib.

Onun sözlərinə görə, Rüstəmxanlının keçirəcəyi qurultay Birlik qurultayı olacaqsa, orada bütün diaspor təşkilatları iştirak etməlidir.

"Kölndə keçirilməsi planlaşdırılan qurultaya 5-10 nəfərdən başqa heç kəs qatılmayacaq. Qurultayda yalnız Sabir Rüstəmxanlıya hörməti olan, DAK-a aidiyyatı olmayan şəxslər iştirak edəcək. Rüstəmxanlının qurultayı birlik qurultayı deyil, yalnız seminar ola bilər", deyə Amanbəyli qeyd edib.

Onun bildirdiyinə görə, Brüsseldə keçiriləcək qurultaya Azərbaycandan ziyalılar, millət vəkilləri, alimlər, rəsmi şəxslərdən ibarət 10-15 nəfərlik nümayəndə qatılacaq. İsveçrə, Danimarka, İsveç, Amerika, Almaniyada fəaliyyət göstərən diaspor və ictimai-siyasi təşkilat nümayəndələri də Brüssel qurultayına qatılmağa hazırlaşırlar.

Amanbəylinin sözlərinə görə, DAK-ın fəaliyyətini Azərbaycanda deyil, xaricdə gücləndirmək lazımdır.

"Bunun üçün Brüsseldə keçiriləcək Birlik qurultayının məqsədi DAK-ı yenidən ərsəyə gətirmək, strukturunu gücləndirmək, diaspor təşkilatlarının koalision sistemini yaratmaq, Azərbaycanın problemlərini detalları ilə araşdırıb beynəlxalq ictimaiyyətə çatdırmaq, BMT, YUNESKO kimi beynəlxalq təşkilatlarda nümayəndələrini yaratmağa nail olmaqdır", deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti