Azərbaycan, Bakı, 22 may /müx. TrendLife Safura
Şərqdə və Azərbaycanda ilk müasir professional musiqi müəssəsi olan, dünya şöhrətli musiqiçi Yermalayeva tərəfindən yaradılan, daha sonralar isə Dövlət orta ixtisas məktəbinə çevrilən Asəf Zeynallı adına musiqi kollecinin yaranmasından düz 110 il keçir.
Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına musiqi kollecinin yaradılmasının yubiley tarixi münasibəti ilə Oera və Balet Teatrında təntənəli mərasim keçirildi. Tədbirdə iştirak edən tanınmış musiqiçilər, ictimai siyasi xadimlər, Azərbaycan musiqi sənətinin inkişafında bu təhsil ocağının əhəmiyyətindən danışdılar.
Xalq artisti Fərhad Bədəlbəyli kollec haqqında fikirlərini TrendLife-la bölüşdü. "Bu təhsil ocağını kollec adlandırmaq istəmirəm. Bura əsl ali təhsil ocağıdır. Çünki Alim Qasımov, Zeynəb Xanlarova, Xan Şuşinski, Seyid Şuşinski, Əhməd Bakıxanov, Asəf Zeynallı, Səid Rüstəmov kimi sənətkarlar bu məktəbi bitirib" deyən Fərhad Bədəlbəyli bu təhsil müəssəsini Azərbaycan üçün çox vacib hesab etdiyini vurğuladı.
Xalq artisti Ağaxan Abdullayev də bu məktəbi bitirib və bununla fəxr edir. "70 -74 cü illərdə bu təhsil ocağının tələbəsi olmuşam. Təhsilimi bitirəndən sonra müəllim kimi bu təhsil ocağında dərs deməyə başladım. Artıq 30 ilə yaxındır ki, bu məktəbdə müəllim işləyirəm. Adıçəkilən məktəbdə çox böyük sənətkarlar görmüşəm Hacıbaba müəllimi, Xan əmini, Şövkət xanım kimi sənətkarlar ilə birlikdə işləmək mənə nəsib oldu".
Qeyd edim ki, Opera və Balet Teatrında keçirilən yubiley tədbirində təhsil ocağının tarixini özündə əks etdirən videomateriallar da nümaiş etdirildi. Musiqi kollecinin tələbələri Üzeyir Hacıbəyovun "Koroğlu" uvertürasını, "Heyratı" və "Orta mahur" muğamlarını və digər klassik əsərləri ifa etdilər. Üzeyir Hacıbəyovun rəhbərlik etdiyi dövrdə bu məktəbdə bir çox yeni fakültələrin açılması məktəbin fəaliyyətinin daha da genişlənməsinə səbəb oldu.