Azərbaycan, Bakı, 29 may / müxbir İ.Əlizadə/ Azərbaycan hökuməti ABŞ dövlət departamentinin Azərbaycanda insan haqları vəziyyətinin pisləşməsinə dair tənqidi ilə razı deyil.
"Mən Azərbaycanda insan haqlarına dair tənqidlə razı ola bilmərəm, çünki onlar digər hər hansı bir ölkədə müşahidə olunan fərdi faktlara əsaslanır", - deyə Azərbaycan prezidentinin İcra Aparatının siyasi analiz və informasiya təmitatı üzrə şöbəsinin rəhbəri Elnur Aslanov cümə axşamı Trend -a bildirib.
ABŞ Dövlət departamenti çərşənbə günü Azərbaycanda insan haqları üzrə hesabat dərc edib. Sənəddə bildirilir ki, 2007-ci ildə Azərbaycanda insan haqları sahəsində vəziyyət pisləşib.
"Biz dəfələrlə qeyd etmişik və yenə qeyd edirik ki, Azərbaycanda prezident seçkiləri transparent, açıq və demokratik şəraitdə keçəcək", - Aslanov qeyd edib.
Onun rəyinə görə, Azərbaycanda müxtəlif sahələrdə göstəricilər ildən- ilə yaxşılaşır. "Bu həm iqtisadi, həm də siyasi sahəyə aiddir. Son illər biz Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün bir sıra mühim addımlar atmışıq. Dövlətin sosial həyatında "üçüncü sektorun" əhəmiyyətini və rolunu gücləndiririk. Sayı 600-ü keçən kütləvi informasiya vasitələrinin inkişafı üçün bütün şərait yaradılıb. Vətəndaş hüququ və azadlığı dövlət idarəçiliyinin prioritet vektoruna daxildir", - deyə Azərbaycan prezident aparatının nümayəndəsi bildirib.
Dövlət departamentinin hesabatında bildirilir ki, polis və hərbi hissələrdə işgəncə tətbiqi davam edir və ötən il işgəncələrdən dörd nəfər ölüb. "Bunların arxasında duran təhlükəsizlik qüvvələri cəzasız qalır", - sənəddə qeyd olunub. Həmçinin, bildirilir ki, məmurlar siyasi motivlər üzrə həbs olunur. Ədliyyə sistemində rüşvətxorluq, sərbəst toplaşmaq məhdudiyyəti hələ də qalır. KİV-in vəziyyəti daha da pisləşib. Qadınlara və dini azlıqlara qarşı zorakılıq davam edir. "Müəyyən irəliləyişlərə baxmayaraq, həbsxanalar insan həyatı üçün təhlükə mənbəyi olaraq qalır", - ABŞ hesab edir.
Aslanov hesab edir ki, digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da mitinq və nümayişlərin yüksək hərəkət və insanların kütləvi toplaşdığı yerlərdə keçirilməsi qadağandır. "Bu tamamilə təbiidir. Lakin Milli Məclis yaxınlarda yeni "Sərbəst toplaşma azadlığı haqqında" qanun layihəsini müzakirə edəcək, məhz buna görə, hər hansı məhdudiyyətlər haqqında danışmağın mənası yoxdur", - şöbə rəhbəri bildirib.
O, sənəddə qadınlar və dini azlıqlara qarşı zorakılığın qeyd olunmasına təəccübünü ifədə edib. "Bu tamamilə reallığa uyğun deyil. Azərbaycanda qadına qarşı hansı zorakılığdan danışmaq olar?", - Aslanov qeyd edib.
O, həmçinin, dini azlıqlara dair tənqidinə narazılığını bildirib. "Hazırda Azərbaycanda öz hüquq və adətlərini açıq şəkildə həyata keçirən təxminən 500 qeydiyyata alınmış dini qrup var. Azərbaycan - bütün din və cərəyanların sülh şəraitində yaşadığı tolerant ölkədir. Azərbaycanın tolerantlığı haqqında ilbəil beynəlxalq strukturların məruzələrində qeyd olunur, qonşu dövlətlər haqqında isə, bunu demək olmaz", - deyə Aslanov qeyd edib.
"Mən "təhlükəsizlik qüvvələri cəzasız qalır" ifadəsilə razı deyiləm", - deyə rəsmi Bakının nümayəndəsi bildirib. Onun sözlərinə görə, üç il ərzində Azərbaycan DİN-in vətəndaşların hüququnu pozan 443 əməkdaşı cəzalandırılıb. Bunlardan 16 nəfəri cinayət məsuliyyətinə cəlb olunub, 98 nəfər DİN-dən kənarlaşdırılıb, beş nəfərin rütbəsi bir pillə azaldılıb, 39 nəfər tutduğu vəzifələrdən azad olunub. "Məhz buna görə bu tipli bəyanatlar reallığı əks etdirmir", - Aslanov əlavə edib.
"Çox məyusedici haldır ki, məruzədə Ermənistan siyasətinin işğalı nəticəsində qaçqınlar və məcburi köçqünlərin hüquqlarının köbud şəkildə pozulmasına dair məsələ öz əksini tapmayıb. Hesab edirəm ki, məruzədə doğma yurd -yuvalarına qayıtmaq imkanından məhrum olan 1 milyon qaçqını xatırlamaq yerinə düşərdi. İnsan haqlarından danışırıqsa, o zaman faktları yada salmaq lazımdır. Qonşu dövlət tərəfindən hüquqları pozulmuş bir milyon qaçqın - digər dövlət tərəfindən insan haqqının konkret pozulma faktıdır", - o deyib.
Aslanov qeyd edib ki, Azərbaycanın həbs cəzası müəssisələrinə gəldikdə isə, bu strukturlar həm milli, həm də beynəlxalq təşkilatların ictimai monitorinqi altındadır. "İllərlə cinayətdə şübhəli bilinən insanlarin saxlanıldığı digər ölkələrin həbsxanalarında anoloji monitorinqlər keçirilmir", - Aslanov bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]