Azərbaycan, Bakı, 30 may/ Trend , müxbir C.Babayeva/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası cümə günü Türkiyə ali təhsil müəssisələrinə (ATM) qəbul imtahanlarının nəticələrini açıqlayıb. TQDK-nın məlumatına görə, Türkiyə ATM-ə 37 nəfər daxil olub.
Cari ildə Azərbaycan gəncləri üçün Türkiyənin 11 universitetində 20 ixtisas üzrə 37 yer ayrılıb. Qəbul test imtahanları aprelin 20-də keçirilib.
Dövlət komissiyasının məlumatına görə, türk dili üzrə imtahanları uğurla vermiş 18 abituriyent dərhal birinci kursa qəbul ediləcəklər.
"Bundan əlavə, birinci kursa qəbul edilmiş üç abituriyent də qısa müddətdə türk dili üzrə biliklərini artırmalıdır. 16 abituriyent isə il ərzində türk dili üzrə hazırlıq kurslarını keçdikdən sonra birinci kursa qəbul ediləcək", - məlumatda deyilir.
Türkiyə ATM-ə qəbul olunan tələbələr 2008/2009-cu tədris ilində Azərbaycanın tədris müəssisələrinə qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]