...

TREND Xəbərlər Şirkəti CULTUR`E TREND adlı yeni layihəyə başlayır

Cəmiyyət Materials 5 İyun 2008 10:22 (UTC +04:00)
TREND Xəbərlər  Şirkəti CULTUR`E  TREND  adlı yeni layihəyə başlayır

Əziz dostlar!

Mədəniyyət hər birimizin həyatında vacib rol oynayır - bu, təfəkkür və qavrayış obrazı, sevgi və ya nifrəti hiss etmək imkanı, yaradıcılıq və ya dağıdıcılıq arzusu, fikirlərin idarə etdiyi bütöv bir duyğular kainatıdır. Dünya dəyişib. Biz özümüz də dəyişmişik, lakin düşünməyi heç də hamımız öyrənməmişik. Bu gün Sizinlə birlikdə, ətrafda baş verənləri anlamağa kömək edəcək dialoqa başlayacağıq. Bu , Özümüz haqqında - şəxsiyyətlər və kütlələr, qələbələrimiz və uğursuzluqlarımız, həyat prioritetlərimizi və dəyərlərimizi formalaşdıran şeylər haqqında dialoq olacaq.

Ölkəmiz yeni hüdudlara çıxır və artıq "qara qızıl"dan başqa, dünyaya nəyi göstərə biləcəyimiz üzərində düşünmək vaxtıdır. Azərbaycan çox zəngin mədəni irsə və ənənələrə malikdir. Əlbəttə, bu, ata-babalarımızın xidmətidir. Bizim istəyimizdən asılı olmayaraq, gələcək nəsillərimiz kimi, dünya ictimaiyyəti də bizi bu gün etdiyimiz işlərə və mədəniyyətə yanaşmamıza görə qiymətləndirəcək. Milli mədəni mühitdə baş verən proseslər cəmiyyətin cari vəziyyətini əks etdirir. Və bu, mədəniyyətin hərəkət istiqamətini müəyyən edir. Təsviri incəsənət, teatr, musiqi, kino və ya ədəbiyyat... bu sahələrin hər biri dəyişir və yeni formalar əldə edir.

Bəs görəsən, bu dəyişikliklərdə ahəngdarlıq duyulurmu, onlar bizim ruhumuza, fərdiliyimizin saxlanılmasına nə dərəcədə uyğundur?

Biz Sizə müasir Azərbaycan mədəniyyətinin nailiyyət və problemlərini nəzərdən keçirməyi təklif edirik. Sizinlə birlikdə ölkəmizə, xalqımıza, bir sözlə, özümüzə kənardan baxacaq, uğurlarımıza sevinəcəyik. Hər həftə milli mədəni həyatın ən aktual və vacib mövzularına toxunan eksklüziv yazılar mühakimənizə veriləcək. Hadisələrə müstəqil baxış və qeyri-standart yanaşma Sizə baş verənlərə müxtəlif prizmalardan baxmaq imkanı verəcək. Redaksiyanın mövqeyi ilə üst-üstə düşməsə belə, istənilən vətəndaş yanaşmasına həmişə hörmətlə yanaşılmalıdır; biz demokratiyadan, sadəcə, danışmırıq, biz demokratiyaya əməl edirik.

Məşhur mədəniyyət xadimləri ilə müsahibələr Sizə çoxlu aspektləri anladacaq və tariximizin canlı yaradıcıları ilə tanış edəcək. Siz dünyanın istənilən nöqtəsindən istənilən məlumatı alacaq və əvvəllər eşitdiklərinizi indi özünüz şəxsən oxuyacaqsınız. Biz Sizə tribuna və öz fikirlərinizi ifadə etmək hüququ veririk. Biz heç bir rəy formalaşdırmır, düşüncələrinizi məhdudlaşdırmırıq, mümkün çərçivənin sərhədlərini isə, yalnız Sizin şəxsi mədəniyyətiniz müəyyənləşdirir.

Biz təkcə razılaşmırıq, həm də mübahisə edirik.

Bura bizim məkandır və bu, Mədəniyyət Məkanıdır.

Biz Sizi düşünən insanların, yaşından və milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin gələcəyinə biganə olmayan hər bir kəsin birliyinə qoşulmağa dəvət edirik. Gələcək isə, mədəniyyət və onun inkişafı olmadan mümkün deyil.

Mədəniyyət səltənətinə xoş gəlmisiniz, SULTUR`E TREND ( http://culture.trend.az ) Sizinlədir!

Xəbər lenti

Xəbər lenti