...

Azərbaycan müğənnisi üçün ən yüksək zirvə toydur – əməkdar artist Azərin

Cəmiyyət Materials 5 İyun 2008 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun /TrendLife müx. Günel Əhmədova

Əməkdar artist Azərin hesab edir ki, bu gün Azərbaycan müğənnisi üçün ən yüksək zirvə toydur. Lakin o, bunu normal hesab etmir. Müğənninin TrendLife-a söylədiyinə görə, sənətçilər üçün hədəf xarici ölkələrin səhnəsi, musiqi festivalları, müsabiqələr olmalıdır.

Söhbət əsnasında öyrəndik ki, onun incəsənətə baxışı fərqlidir. Yəni, lentə alınan mahnıların radio dalğalarında, telekanallarda çox səslənməsinə maraq göstərmir. Müsahibim söyləyir ki, özünü şou-biznesə aid etmir. Onun üçün ən əsası Azərbaycanın mədəniyyəti və incəsənətini təbliğ etmək, onu dünya arenasına çıxartmaqdır. Ona görə də müğənni repertuarına daxil etdiyi mahnılara bu nöqteyi-nəzərdən yanaşır.

"Mahnımı gündə eyni radioda 5 dəfə səslənməsi mənə lazım deyil. İstəyirəm ki, ifa etdiyim mahnıların ömrü uzun olsun. Ümumiyyətlə, şou-biznes nə mənim xarakterimə, nə də ifa tərzimə uyğundur. İstəsəm pop musiqisi ifa edib şou-biznesə qoşularam. Ancaq bu mənə lazım deyil", - söyləyən müğənni bunu Azərbaycanda musiqi bazarının olmaması ilə əlaqələndirir. O, ölkənin musiqi bazarının 75 milyon əhalisi olan Türkiyə ilə müqayisə edilməsinin də əleyhinədir. Çünki qardaş dövlətdə müğənninin albomunun 2 milyon tirajının satılması artıq böyük göstəricidir. O, xəlyalarla yaşamağı düzgün hesab etmədiyini vurğulayaraq bunları dedi:

"Müxtəlif ölkələrdən Azərbaycana səfərə gələn müğənnilər pul qazanırlar. Bəzən danışanda məni düz başa düşmürlər. Ancaq bu fikri özümə görə səsləndirmirəm. Mən demirəm ki, bu gün Azərbaycanda yalnız Azərin var, o ölkəni təmsil etsin. Bu gün Azərbaycanı təmsil edəcək müğənnilərimiz çoxdur. Sadəcə, bu müğənnilərə inanan, onların yaradıcılığının, əhatə dairəsinin genişlənməsinə sərmayə qoyan insanlar yoxdur. Qıraqdan gələnlərə para yatırırlar. Gəlib oxuyurlar, pul qazanırlar, halal xoşları olsun. Amma bizimkilər üçün də etsinlər. Nə vaxta qədər mədəniyyətibaşlı-başına buraxıb heç bir iş görməyək? Təəssüflər olsun ki, mədəniyyətin qlobal strategiyası mövcud deyil".

Xəbər lenti

Xəbər lenti