...

Azərbaycanlı mütəxəssislər Avropa çempionatında "ölüm qrupu"ndakı yığmaları daha şanslı sayır

Cəmiyyət Materials 10 İyun 2008 18:15 (UTC +04:00)
Azərbaycanlı mütəxəssislər Avropa çempionatında "ölüm qrupu"ndakı yığmaları daha şanslı sayır

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir R.Ergün/ Avstriya və İsveçrədə keçirilən 2008-ci il Avropa çempionatının bir neçə oyunu arxada qalıb. Maraqlı mübarizə şəraitində keçən matçlarda gözlənilməz nəticələr qeydə alınır. Bu nüfuzlu turnirdə kimin qalib kimi başa vuracağını proqnozlaşdırmaq asan deyil. "Trend-News" Azərbaycanın bir neçə mütəxəssisi arasında sorğu keçirərək hansı ölkənin çempion ola biləcəyi haqda fikirlərini öyrəndik.

Avropa çempionatında hər qrupda 4 komanda olmaqla, 16 komanda mükafatlar uğrunda mübarizə aparır.

Azərbaycan yığmasının sabiq məşqçisi Vaqif Sadıqov Trend-News-a İspaniya yığmasını favorit saydığını deyib. "Bu ölkənin yığması həmişə güclülər sırasında olub. Onların oyununu çox bəyənirəm. Hesab edirəm ki, ispanlar finala çıxacaq. Onların rəqibi isə, "ölüm qrupu"nda yer alan komandalardan biri olacaq" - deyə təcrübəli mütəxəssis əlavə edib.

"Ölüm qrupu" adı "C" qrupuna verilib. Buna səbəb Hollandiya, İtaliya, Fransa və Rumıniya kimi güclü milli komandaların eyni qrupda mübarizə aparmasıdır.

"Qəbələ" futbol klubunun baş məşqçisi Ramiz Məmmədov da eyni mövqe nümayiş etdirib. "Portuqaliya yığmasının oyunundan xoşum gəlir. Baxımlı futbol nümayiş etdirirlər. İtaliyaya qarşı oyundan sonra Hollandiya millisinin finalda oynamaq gücündə olduğu qərarına gəldim"- deyən Məmmədov da"ölüm qrupu"ndan olan komandanı daha şanslı saydığını bildirib.

Hollandiya millisi 2006-cı ilin dünya çempionu İtaliyanı 3:0 hesabı ilə məğlub edib.

"Bakılı" futbol klubunun baş məşqçisi də Hollandiya millisini favorit qismində görür. "Onların futbolu həmişə baxımlı olub. Bu ölkədə "Ayaks" futbol məktəbi kimi güclü oyunçular yetişdirmiş bir bünövrə var. Çempionat təzə başladığından, hansısa komandanın finalda oynayacağını söyləmək düz olmazdı. Hər halda, Hollandiya yığması final matçında oynamağa real namizəddir".

Avropa çempionatı iyunun 29-da başa çatacaq.

Final matçı Avstriyanın paytaxtı Vyana şəhərinin "Ernst Heppel" stadionunda keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti