Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycan Premyer-Liqasının iştirakçısı olan Bakının "Neftçi" klubu UEFA İntertoto kuboku uğrunda yarışlara hazırlığını davam etdirir. Artıq bir neçə gündür çalışmalara start verən flaqman daha bir ukraynalı oyunçu ilə güclənib.
"Neftçi" UEFA İntertoto kubokundakı ilk oyununu iyunun 21-də, Bakıda Çexiyanın "Nitra" klubuna qarşı keçirəcək. Cavab görüşü bir həftə sonra Çexiyada baş tutacaq.
Klubun mətbuat xidmətindən "Trend-News"a verilən məlumata görə, Kiyev "Dinamo"sunun gənc yarımmüdafiəçisi Oleq Gerasimyuk komandanın məşqlərinə qoşulub. Əvvəlcədən xəbər verildiyi kimi, "Neftçi" klubu bu oyunçunu Ukrayna təmsilçisindən icarəyə götürüb.
Gerasimyuk 6 ay müddətində "Neftçi"də icarə əsasında çıxış edəcək. Futbolçunun 22 yaşı var.
Gerasimyuku birdəfəlik transfer edə bilməyən "Neftçi" digər ukraynalı futbolçu Vladimir Oliferlə 3 illik müqavilə imzalayıb. Hər iki futbolçu komandanın hazırlığında iştirak edir.
Olifer "Neftçi"yə Ukraynanın "Naftovik-Ukrnafta" klubundan müdafiəçi ampluasında transfer olunub.
Moskva "Lokomotiv"inin müdafiəçisi Georgi Çelidzenin "Neftçi"yə keçəcəyi haqda xəbərlər doğru deyil. Bu futbolçu baxışdan keçmək üçün Bakıya gələcək. Gürcü oyunçunu "Neftçi" dəvət etməyib. O meneceri vasitəsilə, öz vəsaiti hesabına baxışdan keçmək istəyir. Baş məşqçi onu bəyənərsə, Çelidzenin qalmaq ehtimalı artacaq.
"Neftçi"nin baş məşqçisi ukraynalı mütəxəssis Anatoli Demyanenkodur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]