...

Azərbaycanda jurnalistlərin 80 faizinin evi yoxdur

Cəmiyyət Materials 8 İyul 2008 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir E.Babayev/ Azərbaycanda jurnalistlərin 80 faizinin evi yoxdur. Onlar ya kirayədə qalır, ya da qohumlarının yanında yaşayırlar.

Trend -un məlumatına görə, bu fikirlər "Jurnalistlərin sosial problemlərinin yaranması, səbəbləri və çıxış yollarının araşdırılması" mövzusunda keçirilən tədbirdə səsləndirilib.

Tədbir Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilib.

İttifaqın sədri Müşfiq Ələsgərli bildirib ki, onlar ildə 2 dəfə jurnalistlərin sosial vəziyyəti ilə bağlı soğular keçirilər.

100 jurnalist arasında keçirilən sonuncu sorğunun nəticələri göstərir ki, jurnalistlərin sosial vəziyyəti daha da ağırlaşıb.

Ölkədə bütün sahələrdə qiymət artımı müşahidə olunsa da, jurnalistlərin əmək haqları 4 il əvvəl olduğu kimi qalıb.

Jurnalistlərin əmək haqqı orta hesabla 200 manat təşkil edir.

Onun sözlərinə görə, ərzaq səbətinin 75 manat olduğu bir halda 200 manatla yaşamaq qeyri-mümkündür.

İqtisadçı Vüqar Bayramov bildirib ki, Azərbaycanda mətbuatın iqtisadi vəziyyəti olduqca ağırdır.

Azərbaycanda reklam bazarının həddən artıq az olduğunu deyən iqtisadçı bildirib ki, Ukraynada bir ildə qəzetlərə verilən reklamın dəyəri 100 milyon avro təşkil etdiyi halda, Azərbaycanda bu göstərici 2 milyard dollardır.

Onun sözlərinə görə, yaranmış vəziyyətdən çıxış yolu reklamın verilməsini stimullaşdırmaq üçün müəyyən addımların atılması ola bilər.

Ümumilikdə mətbuatın iqtisadi problemləri kompleks şəkildə həll olunmalıdır. Jurnalistlərin çalışdığı yerlərdə onlarla əmək müqavilələri bağlanmalıdır.

"Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, Azərbaycanda dövlət qəzetləri ləğv olunmalıdır.

Onun sözlərinə görə, çıxış yollarından biri qəzetlərə reklamın verilməsi ola bilər.

"Mənim fikrimcə, jurnalistlərin problemlərinin həlli ümumilikdə Azərbaycan cəmiyyətinin problemlərindən kənarda mümkün deyil",-deyə baş redaktor vurğulayıb.

Digər çıxış edənlər sosial problemlərin həlli üçün müxtəlif təkliflər səsləndiriblər.

Sonda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bütün təkliflər araşdırılacaq və jurnalist təşkilatları ilə birgə addımlar atılacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti