Azərbaycan, Bakı, 1 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Maliyyə çatışmazlığı səbəbindən nəşrində fasilə yaranmış "Müxalifət" qəzeti fəaliyyətini bərpa edir.
Qəzetin baş redaktoru Rövşən Kəbirli bazar ertəsi Trend -a bildirib ki, qəzet həftənin şənbə günü - sentyabrın 6-da satışda olacaq.
Qəzetin növbəti saylarında oxucular baş redaktor Kəbirlinin məhbəs gündəliyi əsasında hazırladığı "Bayırdan Bayıla səyahət" sərlövhəli məqaləsinin davamı və yazıçı Elçin Həsəninin təqdimatında "Ermənistan həbsxanasından məktublar" silsilə yazı ilə tanış ola bilərlər.
1991-ci ildən nəşr olunan "Müxalifət" qəzeti həftədə 1 dəfə çap olunur. Qəzetin sonuncu nömrəsi bu il iyunun 28-də çapdan çıxıb.
Qəzetin baş redaktoru Kəbirli və əməkdaşı Yaşar Ağazadə millət vəkili Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə Cinayət Məcəlləsinin ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma (147.2-ci) maddəsi ilə təqsirli bilinərək Yasamal rayon məhkəməsinin 16 aprel tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
"A.M.A.Y Əliyevlərin ticarət markası" adlı məqalədə AMAY Ticarət Mərkəzinin Əliyev tərəfindən himayə olunması göstərilib.
Qeyd olunan işlə bağlı jurnalistlər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ediblər.
Kəbirli və Ağazadə 2003-cü ilin mayında Əliyevin şikayəti əsasında 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Amnistiya aktı tətbiq olunaraq onlar məhkəmə zalından azad olunublar.
Məqalə müəllifi ilə əlaqə ünvanı- [email protected]