...

Azərbaycan elminin inkişafına dair proqramın hazırlanması yekunlaşıb

Cəmiyyət Materials 8 Sentyabr 2008 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 08, sentyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycan elminin inkişafı və həmin strategiyanın həyata keçirilməsi üçün proqramın hazırlanması yekunlaşıb.

"Sənədlərin hazırlanmasında Milli Elmlər Akademiyasının əməkdaşları ilə birlikdə bir neçə nazirlik və komitələrin nümayəndələrinin iştirakı ilə işçi qrup yaradılıb və bütün təşkilatların təkliflərini nəzərə alaraq qeyd olunan sənədlər hazırlanıb", bazar ertəsi Trend -a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib.

Kərimov deyib ki, strategiyada elmin maliyyələşdirmə mexanizmləri, elmin strukturu, elmi kadrların hazırlanması və beynəlxalq əlaqələrin yaradılması məsələləri əks olunub. Yeniliklərdə elmin nüfuzunu artırmaq üçün həmin konsepsiyaya müəyyən müddəalar əlavə edilib.

"Əsas vəzifəmiz ondan ibarətdir ki, elmi işçilərin cəmiyyətdə nüfuzunı qaldıraq", - Kərimov bildirib.

Kərimovun sözlərinə görə, sənədlər hazırlanandan sonra sonuncu variant yenidən rəy verilməsi üçün tərkibində elm müəssisələr fəaliyyət göstərən nazirlik və komitələrə göndərilib.

"Həmin təşkilatlar sənədlə tanış olub öz rəylərini bildirəndən sonra biz yenidən sənədi müzkirə edib, lazım gəlsə, müəyyən düzəlişlər aparıb, sonuncu varianti Nazirlər Kabinetinə təqdim edəcəyik", - AMEA-nin prezidenti qeyd edib.

Elmlə məşğul olan müəssisələrin fəaliyyətinə toxunan Kərimov bu sahədə monitorinqlər aparılmasına ehtiyac olduğunu deyib. O əlavə edib ki, qeyd olunan məsələ ilə əlaqədar sorğu vərəqələri hazırlanaraq bütün təşkilatlara göndərilib.

"Həmin sorğuların cavabları yığılandan sonra onlar təhlil edilib, müəyyən nəticələrə gələcəyik. Həmin təşkilatlara nə qədər maliyyə vəsaitlərinin ayrılmasını, onun müqabilində hansı işlərin görülməsini və iqtisadi səmərə verməsi araşdırılmalıdır", - Kərimov əlavə edib.

AMEA prezidenti qeyd edib ki, həmin araşdırmalardan sonra hansı elmi təşkilatın fəaliyyət göstərib-göstərməməsi müəyyənləşəcək.

Kərimov gələn ildən bu işlərə başlanılacağını vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti